Qazax rayonunda uzun illər pedaqoji fəaliyyət göstərən müəllim Nüşabə Abdullayeva könüllü iştirak etdiyi təhsilverənlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərərək 60 mümkün baldan 59-nu toplayıb.
“Tehsil365” xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Qazax rayonunun Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbində təsviri incəsənət və texnologiya fənlərini tədris edən Nüşabə Abdullayeva artıq 42 ildir müəllim kimi fəaliyyət göstərir. Yaş həddinə görə təqaüdə çıxmasına təxminən bir il qalsa da, biliyini və peşəkarlığını qiymətləndirmək məqsədilə sertifikatlaşdırma imtahanında könüllü iştirak edib.
Müəllim sertifikatlaşdırma prosesini yüksək qiymətləndirdiyini bildirərək, özünə inandığı üçün imtahana böyük ruh yüksəkliyi ilə qatıldığını və 60 mümkün baldan 59-nu topladığını deyib.
Onun sözlərinə görə, müəllim daim öz üzərində işləməli, təhsil sahəsindəki yenilikləri izləməli və müasir tədris metodlarını mənimsəməlidir. Nüşabə Abdullayeva hesab edir ki, müəllimin uğuru bilik, təcrübə və şagird sevgisinin vəhdətindən keçir.
Pedaqoq qeyd edib ki, dərslərdə əyani vəsaitlərdən geniş istifadə etməsi, informasiya texnologiyalarını yaxından izləməsi və yeniliklərə açıq olması sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etməsinə kömək edib.
Qeyd edək ki, Nüşabə Abdullayevanın ailəsində müəllimlik ənənəsi bu gün də davam edir. Onun dörd övladından üçü riyaziyyat-informatika müəllimi kimi çalışır və sertifikatlaşdırma imtahanlarında yüksək nəticələr əldə ediblər.

