Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin Müdafiə sistemləri və texnoloji inteqrasiya kafedrasında yeni FPV dron layihəsi hazırlanıb.
“Tehsil365” xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Bildirilib ki, kafedranın professoru Əsəd Rüstəmovun elmi rəhbərliyi ilə M364A2 qrupunun tələbələri tərəfindən hazırlanan layihə müasir FPV texnologiyalarına əsaslanır. Dron real vaxt rejimində görüntü ötürülməsi, yüksək manevr qabiliyyəti, sabit idarəetmə sistemi və modulyar quruluşu ilə seçilir.
Layihənin hazırlanması zamanı aerodinamik dayanıqlılıq, elektron idarəetmə sistemlərinin uyğunluğu, enerji sərfiyyatının səmərəli təşkili və proqram təminatının düzgün tənzimlənməsi əsas prioritetlərdən olub.
Qeyd olunub ki, hazırlanan FPV dron uzunmüddətli uçuş, məsafədən idarəetmə və müxtəlif texniki tapşırıqlara uyğunlaşdırılma imkanlarına malikdir. Layihədə istifadə olunan komponentlər tələbələrə pilotsuz uçuş aparatlarının mexaniki, elektron və proqram təminatı sistemlərinin iş prinsipini praktik şəkildə öyrənməyə şərait yaradır.
Bundan əlavə, layihə radioelektron mübarizə vasitələri ixtisası üzrə təhsil alan tələbələrin peşəkar hazırlıq səviyyəsinin artırılmasına, onların mühəndislik bacarıqlarının inkişafına və müdafiə sənayesi sahəsində praktiki təcrübə qazanmasına töhfə verir.

