Yeni ixtisasların yaradılması və plan yerlərində nəzərdə tutulan dəyişikliklərlə bağlı müzakirələr fonunda abituriyentləri ən çox maraqlandıran suallardan biri də bunun keçid ballarına təsir edib-etməyəcəyidir.
Mövzu ilə bağlı "Tehsil365"ə danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda müzakirə olunan dəyişikliklər gələcək dövrlər üçün nəzərdə tutulur və cari tədris ilində ciddi yenilik gözlənilmir.
Onun sözlərinə görə, bir neçə universitetdə yeni ixtisasların açılması əmək bazarında həmin sahələrə yaranan tələbatdan irəli gəlir.
"Bu proses hələlik müzakirə mərhələsindədir və gələcəkdə bununla bağlı qərar veriləcək. Cari tədris ilində ciddi dəyişiklik gözlənilmir. Plan yerləri hələ rəsmi açıqlanmadığı üçün keçid ballarında kəskin dəyişiklik olacağını söyləmək düzgün deyil. Bu prosesə daha çox II cəhd imtahanının nəticələri təsir göstərəcək", – deyə ekspert bildirib.
Elçin Əfəndi əlavə edib ki, gələcəkdə bölgələrdə plan yerlərinin artırılması, paytaxt universitetlərində isə azaldılması ilə bağlı qərar qəbul olunarsa, bu, keçid ballarına da təsir göstərə bilər.
"Paytaxt universitetlərində plan yerləri azalarsa, keçid balları yüksələ bilər. Bölgələrdə isə plan yerlərinin artması keçid ballarının nisbətən aşağı formalaşmasına səbəb ola bilər. Lakin bu dəyişikliklər cari ilə deyil, gələcək dövrlərə aid məsələlərdir", – deyə o vurğulayıb.

