Xəzər Universitetinin Hasvet baytarlıq təbabəti fakültəsinin dekanı, Azərbaycanın Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) Heyvan Rifahı üzrə milli əlaqələndiricisi (National Focal Point for Animal Welfare) Dr. Çiçək Əliyeva 2026 – cı il 30 iyun –2 iyul aralığında Budapeşt şəhərində keçirilən "WOAH National Focal Points for Animal Welfare – Regional Training Workshop for Europe" adlı regional təlim seminarında ölkəmizi təmsil edib.
Xəzər-dən “Tehsil365” ə bildirilib ki, seminar Avropa regionuna daxil olan üzv dövlətlərin milli əlaqələndiricilərini bir araya gətirərək, heyvan rifahı sahəsində beynəlxalq standartların tətbiqi, təcrübə mübadiləsi və regional əməkdaşlığın gücləndirilməsini hədəfləyib. Tədbir çərçivəsində heyvan rifahının One Health yanaşmasının ayrılmaz hissəsi kimi rolu, One Welfare konsepsiyası, baytarlıq etikası, insan – heyvan münasibətləri, təbii fəlakət və fövqəladə hallarda heyvan rifahının qorunması, maraqlı tərəflərin iştirakı və WOAH standartlarının milli qanunvericilikdə tətbiqi istiqamətində geniş müzakirələr aparılıb.
Təlim proqramı çərçivəsində əldə olunan yeni bilik və təcrübələrin Xəzər Universitetinin Hasvet baytarlıq təbabəti fakültəsinin tədris proqramlarında, elmi fəaliyyətində və gələcək layihələrində tətbiqi, həmçinin, ölkəmizdə heyvan rifahı üzrə institusional potensialın daha da gücləndirilməsinə töhfə verməsi nəzərdə tutulur.

