İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi İslahatlar” elmi jurnalı Avropanın ən böyük Açıq Elm (Open Science) infrastrukturlarından biri olan “OpenAIRE” platformasında indeksləşdirilib.
Mərkəzdən “Tehsil365”ə bildirilib ki, “OpenAIRE” Avropa Komissiyasının dəstəyi ilə formalaşdırılmış və hazırda dünyanın ən böyük açıq elmi ekosistemlərindən biri hesab olunur. Platforma milyonlarla elmi nəşri, tədqiqat məlumatlarını, proqram təminatını, layihələri və elmi təşkilatlar haqqında məlumatları vahid infrastrukturda birləşdirərək tədqiqat nəticələrinin beynəlxalq səviyyədə əlçatanlığını təmin edir.
“İqtisadi İslahatlar” jurnalının “OpenAIRE”də indeksləşdirilməsi jurnalın beynəlxalq akademik nüfuzunu artırmaqla yanaşı, onun qlobal elmi informasiya sistemlərində daha geniş təmsil olunmasına, müxtəlif ölkələrin alim və tədqiqatçıları tərəfindən daha rahat aşkar edilməsinə, eləcə də elmi əməkdaşlıq və istinad imkanlarının genişlənməsinə töhfə verəcək.

