Azərbaycanlı gənclərin ən mühüm xüsusiyyəti onların Türk dünyası ideyasına güclü bağlılığıdır. Bu şüur digər üzv ölkələrdə də mövcuddur. Lakin Azərbaycan gənclərinin bu ideyanı mənimsəmə tərzi və onu konkret layihələrə çevirmək iradəsi xüsusi diqqət çəkir.
“Tehsil365” Azertaca istinadən xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının üzvü, Dünya Türk Gəncləri Birliyinin rəhbəri Ersin Güzel bildirib.
O bildirib ki, xüsusilə Qarabağ Zəfərindən sonra formalaşan özünəinam gənclərin beynəlxalq layihələrdə daha fəal iştirakına şərait yaradıb. Təhsil, texnologiya, mədəniyyət və vətəndaş cəmiyyəti sahələrində yetişən yeni nəsil Türk dünyasının ortaq gələcəyini formalaşdıracaq potensiala və biliklərə malikdir.
“İnanırıq ki, azərbaycanlı gənclər yaxın illərdə Türk dünyasında həyata keçiriləcək bir çox ortaq layihəyə liderlik edəcəklər. Onların geniş dünyagörüşü, təşkilatçılıq bacarığı və beynəlxalq əməkdaşlığa açıq yanaşması sayəsində təkcə öz ölkələrində deyil, bütün Türk dünyasında nümunə göstərilən gənclər olacaqlar”, - deyə Ersin Güzel əlavə edib.

