İxtisas seçimi dövrü abituriyentlər üçün təkcə gələcək peşələrini müəyyənləşdirmək mərhələsi deyil, eyni zamanda ciddi psixoloji sınaq hesab olunur. Bu dövrdə yaranan stress, yüksək gözləntilər və ailə təzyiqi gənclərin emosional vəziyyətinə mənfi təsir göstərə bilər.
Psixoloq Mətanət Şirinova mövzu ilə bağlı "Tehsil365"ə açıqlamasında bildirib ki, ixtisas seçimi prosesi bir çox abituriyentdə narahatlıq və özünə inamsızlıq hissinin yaranmasına səbəb olur.
"İxtisas seçimi dövrü abituriyentlərin həyatında ən həssas mərhələlərdən biridir. Bu dövrdə uğursuzluq qorxusu, yüksək nəticə gözləntiləri və ailə təzyiqi gənclərdə ciddi psixoloji gərginlik yarada bilər. Bu gərginlik özünü narahatlıq, özünə inamsızlıq, yuxu pozuntuları, diqqət dağınıqlığı və hətta motivasiya itkisi kimi göstərə bilər. Uzun müddət davam etdikdə isə emosional tükənmə və depressiv hallar müşahidə oluna bilər."
Mətanət Şirinovanın sözlərinə görə, bu vəziyyətin qarşısını almaq üçün ilk növbədə abituriyentlərə psixoloji dəstək göstərilməli, ailələr isə övladlarına təzyiq göstərmək əvəzinə onları anlamağa çalışmalıdır.
"Ailələr övladlarına təzyiq göstərmək əvəzinə onları anlamağa çalışmalı, seçim prosesində dəstəkçi və anlayışlı olmalıdırlar. Gənclərə seçimlərinin yalnız bir imtahan nəticəsi ilə məhdudlaşmadığı, həyatda hər zaman alternativ yolların olduğu izah edilməlidir."
Psixoloq qeyd edib ki, düzgün planlama, kifayət qədər istirahət, müntəzəm fiziki aktivlik, meditasiya və nəfəs məşqləri kimi rahatlaşdırıcı texnikalar da psixoloji gərginliyin azalmasına kömək edir. O bildirib ki, ehtiyac yarandıqda psixoloq dəstəyi almaqdan çəkinmək olmaz.
"Ən vacib mesaj isə budur: hər bir gəncin yolu fərqlidir və uğur təkcə bir seçimdən asılı deyil. Doğru yanaşma və sağlam psixoloji vəziyyətlə bu mərhələ daha rahat və uğurlu şəkildə keçilə bilər."

