Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə edilərək qəbul olunub.
“Tehsil365" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, təklif olunan dəyişikliklərə əsasən, könüllü fəaliyyət göstərən şəxslərlə yanaşı, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin də icbari sığorta ilə təmin olunması nəzərdə tutulur. Belə ki, könüllülər üçün sığorta haqqı onlarla bağlanmış müqavilə qüvvəyə mindikdən, tələbə və şagirdlər üçün isə istehsalat təcrübəsinin başladığı tarixdən etibarən 15 iş günü müddətində ödəniləcək. Bu dəyişiklik qəbul olunduqdan sonra sığorta hadisəsi baş verdikdə onlar da sığorta ödənişindən yararlana biləcəklər.
Qanuna təklif edilən digər mühüm dəyişiklik isə sığorta ödənişinin müəyyən edilmə meyarı ilə bağlıdır. Dəyişiklikdən sonra birdəfəlik sığorta ödənişi əlillik dərəcəsinə görə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə əsasən hesablanacaq.
Hazırkı qaydalara əsasən, orqanizmin funksiyalarının 30 faizə qədər pozulması hallarında əlillik təyin edilmədiyi üçün istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində zərər çəkən bəzi şəxslər sığorta ödənişi ala bilmirdilər. Yeni dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağı nəzərdə tutur.
Deputatın sözlərinə görə, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığortaolunanın sığorta hadisəsi baş verməzdən əvvəl malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir. Dəyişiklik qəbul olunarsa, birdəfəlik sığorta ödənişi peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildiyi halda həyata keçiriləcək.
Vüqar Bayramov qeyd edib ki, təklif olunan dəyişikliklər sığorta sisteminə əlçatanlığı artırmaqla yanaşı, sığorta ödənişlərindən faydalanan şəxslərin əhatə dairəsini də genişləndirəcək.

