SABAH qruplarının 2025/2026-cı tədris ili üzrə məzunlarına həsr olunan ənənəvi tədbir təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən "SABAH-ın Məzunu 2026" tədbirində dövlət və özəl qurumların rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, son 10 ildə SABAH qrupları inkişaf edərək Azərbaycan ali təhsilinin mühüm layihələrindən birinə çevrilib. Nazir qeyd edib ki, layihə ali təhsilin keyfiyyətinin yüksəldilməsinə və məzunların hazırlıq səviyyəsinin artırılmasına əhəmiyyətli töhfə verib.
Tədbir çərçivəsində SABAH qruplarının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, rəmzi SABAH açarı 2026-cı il məzunlarından növbəti ilin məzunlarına təqdim edilib. Həmçinin ən yüksək nəticə göstərən məzunlar ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.
Qeyd edək ki, 2025/2026-cı tədris ilində 11 ali təhsil müəssisəsi üzrə 1 285 bakalavr və 452 magistr SABAH qruplarından məzun olur.

