Gələcəyin düşünən və yaradıcı nəslinin formalaşmasına töhfə verən elmi nəşrlər beynəlxalq səviyyədə də maraq doğurur. Bu istiqamətdə Azərbaycan müəlliflərinin həmmüəllifi olduğu daha bir kitab xarici ölkədə işıq üzü görüb.
“Tehsil365” xəbər verir ki, xalq yazıçısı, akademik Kamal Abdulla, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev və Türkiyənin tanınmış təhsil və elm xadimi Ziya Səlcuqun həmmüəllifi olduqları "Uşaqlar üçün qeyri-səlis məntiq" adlı kitab Özbəkistanda özbək və rus dillərində çap olunub.
Kitabın özbək dilinə tərcüməsini Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü N.R. Yusupbekov və professor Y.Ş. Avazov, rus dilinə tərcüməsini isə akademik N.R. Yusupbekov və professor Ş.M. Qulyamov həyata keçiriblər.
Nəşrin ön sözündə vurğulanır ki, kitab uşaqlarda tənqidi düşüncə, müqayisə aparmaq, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək və mürəkkəb problemlərə yaradıcı yanaşma bacarıqlarının formalaşmasına töhfə verir. Müəlliflər oxuculara kitabı sadəcə oxumağı deyil, mövzular üzərində düşünməyi, suallar verməyi və real həyatla əlaqələndirməyi tövsiyə edirlər.

