Azərbaycan və Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın uğurlu nümunələrindən biri olan BMU-İNHA ikili diplom proqramı növbəti məzunlarını yola salıb. Məzunlar hər iki universitetin bakalavr diplomunu əldə ediblər.
“Təhsil365” Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (BMU-İNHA İDP) 2025–2026-cı tədris ili üzrə məzunları üçün təntənəli buraxılış mərasimi keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, İNHA Universitetinin rəhbərliyi, Azərbaycan və Koreya səfirləri, KOICA və KOTRA nümayəndələri, hər iki universitetin professor-müəllim heyəti və məzunlar iştirak ediblər.
Mərasimdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, 2020-ci ildən həyata keçirilən BMU-İNHA ikili diplom proqramının icra müddəti Prezident İlham Əliyevin sərəncamı ilə 2030-cu ilədək uzadılıb. Onun sözlərinə görə, hazırda proqram çərçivəsində 330 tələbə təhsil alır, bu il isə 113 nəfər məzun olaraq həm BMU-nun, həm də İNHA Universitetinin bakalavr diplomunu əldə edib. Bununla da proqram üzrə məzunların ümumi sayı 256 nəfərə çatıb.
Elm və təhsil nazirinin müavini İdris İsayev məzunları təbrik edərək, beynəlxalq ikili diplom proqramlarının gənclərin peşəkar inkişafına və ölkədə rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.
Mərasimin sonunda ixtisas birinciləri və fəal məzunlar mükafatlandırılıb, bütün məzunlara diplomlar təqdim olunub. Tədbir tələbələrin ənənəvi kepatma mərasimi ilə başa çatıb.

