Azərbaycanlı gənclərin xaricdə təhsil imkanları ilə tanış olması məqsədilə Bakıda Ukraynanın aparıcı ali təhsil müəssisələrinin iştirakı ilə genişmiqyaslı təhsil sərgisi təşkil olunub.
“Tehsil365” Qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 4-də Bakıda yerləşən "Hyatt Regency" hotelində Ukrayna Təhsil və Elm Nazirliyinin Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi və Ukraynanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Ukrayna universitetlərinin sərgisi keçirilib.
Sərgidə Ukraynanın 24 ali təhsil müəssisəsi təmsil olunub. Ziyarətçilər universitetlərin təhsil proqramları, qəbul qaydaları, Erasmus+ akademik mobillik imkanları və beynəlxalq ikili diplom proqramları barədə ətraflı məlumat əldə ediblər.
Tədbirdə diplomatik korpusun nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, abituriyentlər və valideynlər iştirak ediblər. İştirakçılar universitet nümayəndələri ilə birbaşa ünsiyyət quraraq onları maraqlandıran suallara cavab alıblar.
Bildirilib ki, sərgi çərçivəsində Ukraynada təhsil almaq istəyən xarici tələbələr üçün tətbiq olunan rəqəmsal qəbul sistemi də təqdim edilib və qəbul prosesinin daha sadə, şəffaf və əlçatan olması barədə məlumat verilib.
Qeyd olunub ki, sərgi Azərbaycan və Ukrayna arasında təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsinə, eləcə də gənclərin beynəlxalq təhsil imkanları barədə məlumatlılığının artırılmasına töhfə verib.

