“Son illərdə tələbələrin psixoloji sağlamlığına yanaşma formaları dəyişsə də, hələ də nəzərdən qaçırılan məqamlar mövcuddur. Xüsusilə xroniki stressin normallaşdırılması, akademik tükənmə və motivasiya problemləri tələbələrin gündəlik fəaliyyətinə birbaşa təsir göstərir”.
Bu fikirləri “Tehsil365”-ə müsahibəsində Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov bildirib.
Ekspertin sözlərinə görə, tələbələrin psixoloji rifahı sahəsində ciddi yanaşmalar tələb olunur:
Xroniki stressin idarə olunması: ” Tələbələr davamlı yorğunluğu və yuxu pozuntularını tələbə həyatının adi hissəsi kimi qəbul edir. Bunun qarşısını almaq üçün psixoloji sağlamlığa nəzarət, düzgün qidalanma, fiziki aktivlik və vaxtın düzgün planlaşdırılması vacibdir.”
Akademik tükənmənin səbəbləri: “Tükənmişlik yüksək akademik yük, davamlı performans təzyiqi və istirahətsizlik nəticəsində yaranır. Psixologiyadakı “tələblər-resurslar” modelinə görə, problem yükün çoxluğunda deyil, onu kompensasiya edəcək resursların (vaxt, enerji, sosial dəstək) kifayət etməməsindədir.”
Uğursuzluq qorxusu ilə mübarizə: “İnsan öz dəyərini yalnız nəticələrlə əlaqələndirdikdə uğursuzluq qorxusu yaranır. Uğursuzluğu inkişafın təbii parçası kimi qiymətləndirmək, kiçik və real hədəflərlə irəliləmək bu qorxunu azaldır.”
Motivasiyanın bərpası: “Motivasiyanın dəyişkən olması normaldır. Məqsədi xatırlamaq, tapşırıqları kiçik addımlara bölmək və nəticəyə deyil, prosesə fokuslanmaq motivasiyanın davamlılığını təmin edir.”
Peşəkar dəstəyə ehtiyac: “Uzun müddət davam edən narahatlıq və emosional gərginlik gündəlik həyata mənfi təsir göstərirsə, mütəxəssisə müraciət edilməlidir. Psixoloji dəstək almaq zəiflik deyil, öz sağlamlığına və inkişafına verilən önəmdir.”
Ekspert hesab edir ki, psixoloji sağlamlığın qorunması üçün üç əsas strategiya önəmlidir:
1. Balanslı yanaşma – iş və istirahət arasında tarazlıq yaratmaq, hobbilərə vaxt ayırmaq və sosial münasibətləri qorumaq lazımdır.
2. Özünüqiymətləndirmə – tələbə özünü yalnız akademik uğurları ilə qiymətləndirməməli, inkişaf prosesini hər şeydən üstün tutmalıdır.
3. Erkən müraciət – problemlər dərinləşmədən mütəxəssis dəstəyi almaq həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
“Ümumilikdə, psixoloji maariflənmə tələbələrin həm akademik performansına, həm də şəxsi inkişafına mühüm töhfə verəcəkdir” – deyə Mirsadiq Muxtarov vurğulayıb.

