Təhsil 365 - Logo Mobile

5 ildən sonra dünya dəyişəcək, bir sıra ixtisaslara ehtiyac qalmayacaq - Natiq Cəfərlinin “Təhsil Resepti”

14208.07.2026 - 18:54
5 ildən sonra dünya dəyişəcək, bir sıra ixtisaslara ehtiyac qalmayacaq - Natiq Cəfərlinin “Təhsil Resepti”

“Tehsil 365” Təhsil Portalının “Təhsil Resepti” adlı rubrikasına davam edir.

Rubrikanın əsas məqsədi ictimaiyyətdə maarifçi yanaşmaları, fərqli baxışları, xüsusən də təhsil sahəsi ilə bağlı zəruri düşüncələri ilə seçilən ziyalı şəxslərin fikirlərini, daha doğrusu, "təhsil reseptləri"ni oxuculara çatdırmaqdır. Onlar təhsilimiz üçün hansı "reseptləri" təklif edəcəklər?

Rubrikamızın növbəti qonağı iqtisadçısı Natiq Cəfərlidir.

Müsahibəni təqdim edirik:

- Natiq bəy, keçmiş dövrdə müəllim nüfuzu daha yüksək idi. Biz bunu bir çox kəslərin dilindən də eşidirik. Bəs sizcə, bu nüfuzu yaradan sistemin özü idi, yoxsa cəmiyyətin müəllimə baxışı idi?

- Bir çox amil müəllim peşəsinin nüfuzuna təsir göstərirdi. İlk növbədə, o dövrdə savadlı insanların sayı az idi. Məsələn, 30-40-cı illərdə savadlılıq səviyyəsi aşağı olduğundan, insanların maariflənməsi üçün çalışan müəllimlərə xüsusi hörmət göstərilirdi. Çünki onların sayı da çox deyildi.

60-70-ci illərdə isə müəllimlərin Sovet cəmiyyətində xüsusi yeri var idi. Onlar sabit maaş alır, həmin gəlirlə rahat dolana bilirdilər. Cəmiyyətdə sayılıb-seçilən insanlar hesab olunurdular. Çünki hər bir ailəyə toxunurdular, ailənin uşaqları müəllimlərdən asılı olurdu. Uşaqlar vaxtlarının böyük hissəsini məktəbdə keçirir, orada öyrəndiklərini evdə valideynləri ilə bölüşürdülər. Beləliklə, uşaqlar təkcə özləri təhsil almır, eyni zamanda valideynlərinin də maariflənməsinə töhfə verirdilər. Həmin illərdə uşaqlar arasında savadlılıq səviyyəsi yüksək olsa da, yaşlı nəslin savadlılığı o qədər də yüksək deyildi. Hətta bəzi hallarda oxumağı və yazmağı uşaqlar evdə valideynlərinə öyrədirdilər.

Məhz buna görə müəllimlik həm maddi təminatına, həm də cəmiyyətdə tutduğu mövqeyə görə prestijli peşə sayılırdı. Sabit iş yeri, yaxşı əməkhaqqı və normal dolanışıq imkanı bu peşənin nüfuzunu daha da artırırdı.

- Bəs kənardan baxanda, sizcə, Azərbaycan təhsil sisteminin bu gün ən böyük çatışmayan cəhəti nədir?

- Azərbaycan təhsil sisteminin fəlsəfi problemi, məncə, ondan ibarətdir ki, təhsil bilik verməlidir, sadəcə attestat və ya diplom deyil. Bizdə təhsil sisteminin əsas problemi daha çox attestat və diplom əldə etməyə hesablanıb. Yəni elə bir sistem qurulub ki, uşaqlar attestatda yaxşı qiymət almağa, testdən keçərək universitetə qəbul olmağa və sonda diplom əldə etməyə çalışırlar. Halbuki təhsilin əsas qayəsi, bütün dünyada olduğu kimi, insanlara bilik vermək və düşünməyi öyrətməkdir.

Bizdə ən çatışmayan cəhət isə bilik və düşünmə qabiliyyətinin qiymətlərdən, yəni işin formal tərəfindən daha aşağı dəyərləndirilməsidir. Məncə, problemin ən təməl səbəbi məhz budur. Təbii ki, problemlər çoxdur, amma əsas səbəbi bu şəkildə göstərmək olar.

"İndiki təhsil yükü o qədər ağırdır ki, uşaqlar sosiallaşa bilmirlər"

- Sizcə, bugünkü məktəblərlə sizin dövrünüzdəki məktəblər arasında hansı fərqlər var?

- İndi mənim övladım da məktəbdə oxuyur. Demək olar ki, hər gün onun dərsləri və fəaliyyəti ilə maraqlanıram.

Mən öz dövrümü xatırlayanda görürəm ki, məktəbin daxilində ictimai münasibətlər daha çox idi. Məsələn, biz tamaşalar hazırlayırdıq, tez-tez idman yarışları keçirilirdi, hərbi hazırlıq yarışları təşkil olunurdu, müxtəlif məktəblər arasında yarışlar baş tuturdu.

İndi isə məktəbdə dərs yükü o qədər ağırdır ki, ev tapşırıqları, testlər, həftəlik, aylıq və rüblük yoxlamalara hazırlıq uşaqlar üçün çox çətin olur. Bu yüklənmə səbəbindən onlar artıq sosiallaşa bilmirlər. İnternetin də həm müsbət, həm də mənfi təsirləri var. Bütün bunlar uşaqlara kifayət qədər ciddi təsir göstərir və onlar sanki daha asosial böyüyür, sosiallaşmaqda çətinlik çəkirlər.

Məncə, məktəbin bizim dövrlə ən böyük fərqi də məhz bundan ibarətdir. Xatırlayıram ki, biz 8-ci, 9-cu sinifdən etibarən demək olar, hər ay məktəbdə bir tamaşa hazırlayırdıq. Tez-tez yarışlara gedirdik, idman yarışlarında, müxtəlif bilik müsabiqələrində iştirak edirdik. Bu proses bizə sosiallaşmaq imkanı yaradırdı. Başqa məktəbləri tanıyır, başqa uşaqlarla tanış olur, çoxlu dost qazanırdım.

Bu baxımdan, indiki təhsil yükü ağır olduğuna görə uşaqlar boş vaxt tapan kimi yalnız müəllim yanına getməyi və dərslərini hazırlamağı düşünürlər.

- Təhsilin bugünkü sağlamlıq durumunu necə qiymətləndirirsiniz?- reanimasiya vəziyyəti, orta-ağır, yoxsa, stabil?

- Açığını deyim ki, hər şeyi də qara rəngdə görmək olmaz. Müəyyən uğurlu irəliləyişlər də var. Məsələn, Azərbaycan bölməsində artıq daha keyfiyyətli təhsil verilməyə başlanıb. Çünki əvvəllər belə bir fikir formalaşmışdı ki, rus bölməsində daha keyfiyyətli təhsil verilir. Bəzən ailələr, hətta rus dilini bilmədən belə, uşaqlarını rus bölməsinə qoyurdular. İndi isə bu vəziyyət tədricən dəyişir, hətta kifayət qədər dəyişib. Artıq Azərbaycan bölməsində təhsil alan şagirdlər daha keyfiyyətli təhsil almağa başlayırlar.

Həmçinin azərbaycanlılar artıq dünyanın nüfuzlu universitetlərinə qəbul olurlar. Onların xarici universitetlərdə təhsil almaq imkanları da əvvəlki illərlə müqayisədə daha genişdir. Məktəblilərin böyük əksəriyyəti ana dilindən başqa ən azı bir xarici dili də keyfiyyətli şəkildə öyrənir. Bunlar müsbət dəyişikliklərdir.

Amma ümumilikdə götürdükdə vəziyyəti "stabil" adlandırmaq olar. Lakin onu da nəzərə almaq lazımdır ki, stabillik heç də həmişə yaxşı hal deyil

- Natiq bəy, sizcə, keçmiş nəsil müəllimlərindən bugünkü müəllimlərə yadigar qalan hansı yanaşmalar hələ də var?

- Çox güman ki, bu, ev tapşırığına olan tələbkarlıqla bağlıdır. Məsələn, mən bizim dövrümüzü - 80-ci, 90-cı illəri xatırlayıram. O vaxt ev tapşırığı bir nömrəli məsələ idi. Hətta bir-birimizi "qorumaq" kimi bir hal da var idi. Kim dərsi yaxşı öyrənmişdisə, ondan xahiş edirdik ki, tez əlini qaldırsın, müəllim onu cavab versin. Çünki müəllim həmin gün ev tapşırığını yoxlayacaqdı və heç olmasa, dərsi bilməyənlərdən daha az soruşardı. Fikrimcə, yəqin ki, indi də vəziyyət elədir.

İndi də ev tapşırığının yerinə yetirilməsinə daha çox diqqət yetirilir. Bu normaldır, bəlkə də belə də olmalıdır. Amma mənə elə gəlir ki, uşaqların düşünmə qabiliyyətinin inkişafına və müzakirə mədəniyyətinin formalaşmasına daha çox diqqət yetirilsə, daha yaxşı olar.

- Bəs bugünkü gənclərdə sizi ümidləndirən hansı keyfiyyətlər var?

- Ümidləndirən məsələ xarici dilin daha geniş yayılmasıdır. Uşaqlar ya ingilis, ya alman, ya fransız - hansısa bir xarici dil öyrənirlər. Bu artıq günümüzün tələbinə çevrilib. Bu nöqteyi-nəzərdən bu ümidvericidir ki, bizim gənclər artıq dil mənasında daha çox pozitiv inkişaf edirlər. 80-ci, 90-cı illərdə bu qədər imkan və fürsət də yox idi. İnternetin olması da çox ciddi təsir edir uşaqların dil öyrənmə qabiliyyətinə.

Ən pozitiv dəyişikliyi bunu göstərmək olar ki, indi xarici dilə maraq da artıb, xarici təhsilə maraq artıb. Bunun mənfi cəhəti isə ondan ibarətdir ki, çox təəssüf ki, xaricə oxumağa gedən uşaqların da böyük əksəriyyəti ölkəmizə qayıtmır.

- Əgər təhsil sisteminə kənardan bir resept verməli olsaydınız, ilk hansı problemi həll etməyi tövsiyə edərdiniz?

- Bu, çox ağır məsələdir. Mən təhsil üzrə mütəxəssis və ya alim deyiləm. Sadəcə, müəyyən ölkələrdə makroiqtisadiyyat üzrə mühazirələr demiş bir insan kimi bu suala cavab verə bilərəm. Azərbaycan kontekstindən baxanda, məncə, ilk növbədə dəyişməli olan məsələ qiymətləndirmənin fetişə çevrilməsidir.

İnsanların bilik alması və hansısa peşəyə yiyələnməsi, məncə, onun attestat və ya imtahan qiymətlərindən daha önəmlidir. Bunu ona görə deyirəm ki, bizdə təhsil sistemi hələ də köhnə instinktlərlə işləyir. Məsələn, təhsil sisteminin elə bir xəritəsi olmalıdır ki, beş ildən sonra hansı ixtisasların qalacağını, hansılarının isə ümumiyyətlə aradan çıxacağını müəyyənləşdirsin. Doğrudan da belə olacaq. Yəni beş ildən sonra biz tamamilə fərqli bir dünyada yaşayacağıq və bəzi ixtisaslara artıq ehtiyac qalmayacaq.

Amma bizim təhsil sistemi hələ də köhnə instinktlərlə davranır. Məsələn, universitetlər ardıcıl şəkildə mühasib hazırlayır. Axı bu qədər mühasibə nə ehtiyac var? Bir müddətdən sonra internet proqramları, mühasibat proqramları və süni intellekt elə bir səviyyədə inkişaf edəcək ki, artıq mühasibə ehtiyac qalmayacaq. Əslində, bunun əlamətləri indidən görünür. Amma üç-beş ildən sonra bu proses daha da sürətlənəcək. Siz bütün məlumatları adi bir proqrama yükləyəcəksiniz, proqram isə hazır hesabatı hazırlayıb sizə təqdim edəcək. Həmin hesabatı istədiyiniz ünvana göndərə biləcəksiniz və eyni zamanda özünüzdə də tam hazır şəkildə saxlayacaqsınız.

Yəni bu baxımdan təhsil sistemi gələcəyə yönəlməlidir. Gələcəkdə hansı peşələrə ehtiyac yaranacağını, hansılarının isə sıradan çıxacağını indidən proqnozlaşdırmağı bacarmalıdır.

- Müəllimlik təkcə auditoriyada dərs keçmək yox, həm də bir insanın taleyinə toxunmaqdır. Sizin şəxsi təhsil reseptinizdə, yəni kənardan bir şəxs kimi baxanda, tələbənin fənnə deyil, məhz həyata qazanılması üçün hansı gizli, belə deyək, məsləhətiniz və yaxud da metodunuz ola bilər, metod tövsiyə edə bilərsiniz?

- Bu məsələ şagirdlərlə bağlı bir qədər çətindir. Tələbə auditoriyası üçün bunu demək daha rahatdır. Çünki tələbələr artıq formalaşmaqda olan və ya müəyyən baxışları formalaşmış şəxslərdir. Müəllimlərin əsas qayəsi isə insanlara nəyisə diktə etmək deyil, onların özlərini tapmasına yardımçı olmaq olmalıdır.

Məsələn, bizdə ailələrin uşaqlara təzyiqi var. Uşaqlıqdan onlara aşılanmağa çalışılır ki, sən həkim olmalısan. Halbuki bəlkə bu insanın həkimliklə heç bir əlaqəsi yoxdur, bu sahəyə marağı yoxdur, bəlkə qandan qorxur, ümumiyyətlə bu peşəni istəmir. Amma yenə də üzərində təzyiq olur.

Belə hallarda müəllim köməkçi rolunda çıxış etməlidir. Məsələn, valideyn övladı üçün kimya müəllimi tutur. Müəllim isə görür ki, abituriyent bu istiqamətdə irəliləyə bilməyəcək. Bu halda o, həm valideynlə, həm də şagirdlə danışmalı, onun özünü tapmasına yardımçı olmalıdır. Yəni müəllim təkcə bilik verən deyil, həm də məsləhət verən, istiqamət göstərən bir şəxs olmalıdır.

Mənim üçün isə, yenə deyirəm, əsas xətt insanlara düşünməyi öyrətməkdir. İnsanlar nə qədər çox düşünməyi bacarsalar, bu dünyada özlərinə bir o qədər doğru yer tapa bilərlər.

Türkan Allahquliyeva

Xəbər Lenti

Müasir dövrdə gənclər və tələbələr arasında ürək-damar xəstəliklərinin (və ya qəfil infarktların) artmasının əsas tibbi səbəbi nədir və ondan qorunmaq üçün 3 ən vacib qayda hansıdır?08.07.2026 - 19:37
Müasir insanda ən çox rast gəlinən psixoloji problemlər hansıdır? Və bununla effektiv mübarizə aparmaq üçün 3 əsas qızıl qayda hansılardır?08.07.2026 - 19:21
Mərkəzi Aran bölgəsinin "Örnək müəllim"ləri - ADLAR08.07.2026 - 18:59
Direktorların işə qəbulu üçün müddət uzadıldı08.07.2026 - 18:46
Mingəçevir Universitetinin rektoru: İnformasiya təhlükəsizliyi ixtisası üzrə ingilis dilində də tədris olacaq08.07.2026 - 18:41
Bağçalara elektron qəbul başlayıb08.07.2026 - 18:31
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB 708.07.2026 - 18:12
NATO sammiti gələn il Albaniyada keçiriləcək08.07.2026 - 18:00
SABAH qrupları Azərbaycan ali təhsil sisteminin brendinə çevrilib - Emin Əmrullayev08.07.2026 - 17:47
Türkiyə və Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqaviləsi imzalanıb08.07.2026 - 17:38
Azərbaycan və Əlcəzair arasında Birgə Komissiyanın tərkibi təsdiqlənib08.07.2026 - 17:29
Bu ilin birinci yarımilində 306 nəfər Azərbaycana geri qaytarılıb08.07.2026 - 17:22
İran ordusu 8 hərbçinin həlak olduğunu açıqladı08.07.2026 - 17:15
Abituriyentlər diqqət! İmtahan stressini aradan qaldırmağın yolları – Psixoloqdan açıqlama08.07.2026 - 15:51
Tələbə həyatında psixoloji sağlamlıq: Nəyə diqqət etməli?08.07.2026 - 15:13
UNEC abituriyentlər üçün "Açıq qapı" günü keçirəcək08.07.2026 - 14:49
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminin başlanacağı tarix açıqlanıb08.07.2026 - 14:32
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirilib08.07.2026 - 14:15
BMU-İNHA ikili diplom proqramı üzrə 113 tələbə məzun oldu - FOTOLAR08.07.2026 - 14:02
"Uşaqlar üçün qeyri-səlis məntiq" kitabı Özbəkistanda çap olunub08.07.2026 - 13:55
AzTU və Bar-İlan Universiteti arasında ikili diplom proqramı həyata keçirilir08.07.2026 - 13:49
Dövlət sertifikatlı ödənişsiz veb-dizayn təliminə qeydiyyat başladı08.07.2026 - 13:42
Heydər Əliyev Sarayında "SABAH-ın Məzunu 2026" tədbiri keçirilib08.07.2026 - 13:35
"Qarabağ"ın oyunu ilə əlaqədar metronun iş rejimi dəyişəcək08.07.2026 - 13:23
Könüllü tələbə və şagirdlərə də sığorta ödənişi veriləcək08.07.2026 - 13:18
Tələbələrin yerdəyişməsi ilə bağlı vacib məlumat: Müraciətlər 13 iyulda başlayır08.07.2026 - 13:10
İxtisas seçimi dövründə psixoloji dəstək vacibdir – Psixoloq Mətanət Şirinova08.07.2026 - 13:06
Növbəti köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə yola salındı08.07.2026 - 10:25
Kənan Seyidov yeni vəzifəyə təyin olunub08.07.2026 - 10:19
Xocavəndə növbəti köç karvanı çatıb08.07.2026 - 09:56
Üzümün ən sağlam hissəsi hansıdır?08.07.2026 - 09:43
Fortepiano ixtisası üzrə təlimlərə başlanılıb-FOTOLAR 08.07.2026 - 09:34
Yeni Klinikada pediatrik ürək əməliyyatlarının sayı artırılacaq08.07.2026 - 09:32
Yeni Klinikada müasir Tibbi Tədris-Simulyasiya Mərkəzi fəaliyyətə başlayıb08.07.2026 - 09:26
BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlayacaq08.07.2026 - 09:24
Sabah Azərbaycanda 35 dərəcəyədək isti hava gözlənilir08.07.2026 - 09:20
Finlandiya “onkoloji sunami”yə hazırlaşır08.07.2026 - 09:18
Pərvanə Vəliyeva: Tibbi Tədris-Simulyasiya Mərkəzi təhsillə real klinik praktika arasında mühüm körpü rolunu oynayacaq08.07.2026 - 09:14
Azərbaycan və Türkmənistan “Ana təbiət” beynəlxalq tədbirini birgə keçirəcək08.07.2026 - 09:13
“İdman menecmenti” üzrə ikili diplom proqramından 15 nəfər məzun olub-FOTOLAR08.07.2026 - 09:09
“Süni intellekt dini mövzularda faydalı ola bilər” - Hacı Təyyar Hüseynli08.07.2026 - 09:06
Gəncə Teatrı 130-cu mövsümünü “Zəhri-Mar” tamaşası ilə bağlayır08.07.2026 - 09:03
Bu universitetinin məzunu vəfat edib08.07.2026 - 08:58
Sabah şəhərətrafı ərazilərdə yağış yağacağ08.07.2026 - 08:47
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb08.07.2026 - 08:41
Azər Türk Bank”dan təhsil işçiləri üçün sərfəli istehlak kreditləri08.07.2026 - 08:35
Ersin Güzel: Azərbaycanlı gənclərin ən mühüm xüsusiyyəti onların Türk dünyası ideyasına güclü bağlılığıdır08.07.2026 - 08:31