"Ürək-damar xəstəliklərindən qorunmağın ən birinci şərti – uşaqlarda və gənclərdə hər hansı bir narahatlıq meydana gələrsə, vaxtında həkimə müraciət etmək və həkim tövsiyələrinə tam əməl etməkdir."
Bu mühüm fikirləri Rasif həkim mövzu ilə bağlı “Tehsil 365”ə verdiyi açıqlamada xüsusi olaraq vurğulayıb.
Ürək-damar sistemi xəstəlikləri dedikdə çox geniş bir anlayış nəzərdə tutulur. İnsan dünyaya gələrkən ilk növbədə onun ürək nahiyəsində anadangəlmə qüsurun olub-olmaması dəqiqləşdirilir. Əgər qüsur varsa və bunun aradan qaldırılması mümkündürsə, dərhal müdaxilə edilir. Mümkün olmadıqda isə bu problem insan ömrü boyu zaman-zaman müəyyən narahatlıqların meydana çıxmasına səbəb olur. Bundan əlavə, uşaqların məktəb dövrlərində boğazda badamcıqların infeksiyalaşması nəticəsində yaranan streptokok A tipli infeksiyalar sonradan revmatizm xəstəliyinə yol açır. Bu da ürək qüsurunun əmələ gəlməsinə və gələcəkdə həmin gəncin bu qüsurla yaşamağına zəmin yaradır.
Müəyyən sistem və revmatik xəstəliklər də inkişaf edərək damar və ürək xəstəliklərini meydana gətirə bilir. Məsələn, bəzi insanlarda hələ 25 yaşından başlayaraq genetik amillərlə bağlı (valideynlərdə kardiomiopatiya prosesi olduqda) kardiomiopatiya inkişaf edə bilər. Bu problemi insanlar çox vaxt hiss etmirlər və yalnız müayinələr zamanı aşkar olunur. Ona görə də belə risk qrupunda olan şəxslər daimi nəzarət altında saxlanılmalı və tez-tez müayinələrdən keçməlidirlər. 20-30 yaş arasında genetik ürək xəstəliyi olan gənclərdə qəflətən ağır infarktların baş verməsi də nadir, lakin rast gəlinən hallardandır. Hətta 34 yaşına qədər artıq iki dəfə infarkt keçirmiş və ya daha gənc (21-22) yaşlarında infarktdan əziyyət çəkən xəstələr olur. Bu proses klassik infarkt gedişindən fərqlənir və əsasən ailəvi ürək xəstəliklərinə meyillilikdən irəli gəlir.
Rasif həkim uşaq yaşlarından başlayan ritm pozuntularına da diqqət çəkir. Belə uşaqlar getdiyi yerdə birdən-birə huşunu itirib yerə yıxıla bilər. Valideynlər çox vaxt buna "ayıldı, keçdi, heç nə olmadı" deyərək laqeyd yanaşırlar. Lakin bu halın mütəmadi təkrarlanması gələcəkdə çox ağır nəticələrə səbəb olur. Həmçinin, qarın aortasından böyrəklərə gedən damarlarda genetik daralmalar böyrəyin funksiyasını poza bilər. Şəkərli diabet xəstəliyi də uşaq vaxtından başlayaraq sonradan ciddi damar xəstəliklərinə yol aça bilir. Gənclər arasında belə xəstəliklər çox geniş yayılmasa da, meydana çıxan hallarda əsas rolu məhz genetik faktorlar oynayır. Yaş artdıqca isə genetik amillərin rolu azalır. Ümumilikdə genetik faktor xəstəliklərdə 20-25% rol oynayırsa, insanın sonrakı həyat tərzi, pis vərdişləri və digər kənar amillər 50-60-70% təsir göstərir. Qalan faizlər isə xroniki xəstəliklərin inkişafı ilə bağlıdır.
Bütün bu fəsadların qarşısını almaq üçün hər hansı narahatlıq hiss olunan kimi vaxtında həkimə müraciət etmək, müayinələrdən keçmək və həkimin verdiyi tövsiyələrə, təyin etdiyi müalicələrə sona qədər əməl etmək mütləqdir. Təcrübədə çox vaxt xəstənin vəziyyəti pisləşdikdə yaxınlarının həkim çağırmaq təklifinə xəstənin "səhər gedərəm" deyərək imtina etdiyini görürük. Lakin ürək xəstəlikləri əsasən səhərə yaxın, hormonal proseslərin oyandığı və ürəyin qan axını tələb etdiyi saatlarda sürətlənir. Ürək damarlarında çatışmazlıq olduqda kompensasiya baş vermir və bu, ağır nəticələrə səbəb olur. Səhər isə həmin xəstələrin həkimə çatması artıq qeyri-mümkün ola bilir. Bu səbəbdən həkimə müraciəti heç vaxt ertələmək olmaz. Vaxtında atılan addımlar gələcəkdə yarana biləcək böyük problemlərin qarşısını almağa kömək edəcəkdir.

