Dövlət İmtahan Mərkəzi (DİM) Təsviri sənət istiqaməti üzrə 15, 1601 və 1701-ci qabiliyyət imtahanı komissiyalarının rəsm fənni üzrə imtahan nəticələrindən narazı olan abituriyentlər üçün apellyasiya müraciətlərinin qəbuluna başlayıb.
DİM-dən “Tehsil365”ə bildirilib ki, müraciət etmək istəyənlər iyulun 9-u saat 10:00-dan iyulun 10-u saat 17:00-dək apelyasiya.dim.gov.az saytında elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddətdə qeydiyyatdan keçməyən şəxslər sonradan həmin komissiyalar üzrə apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər.
Apellyasiya komissiyasına müraciət etməzdən əvvəl abituriyentlər imtahan nəticələri, tapşırığın yerinə yetirildiyi rəsm vərəqinin fotosurəti, qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar. Elektron ərizədə çəkilmiş rəsmlə bağlı müraciətin məzmunu ətraflı göstərilməli, iradın qiymətləndirmə meyarının hansı bəndinə aid olduğu qeyd edilməlidir. Müraciətin məzmunu göstərilməyən elektron ərizələr qəbul edilmir və araşdırılmır. Ərizədə yalnız qeydiyyatdan keçilən apellyasiya komissiyası və fənn üzrə müraciətin məzmunu qeyd olunmalıdır.
DİM tərəfindən iyulun 11-dən etibarən apellyasiya prosesi onlayn qaydada, telefon əlaqəsi vasitəsilə təşkil ediləcək və müraciət edən bütün abituriyentlərlə növbəlilik əsasında əlaqə saxlanılacaq.
Apellyasiya prosesinin qaydalara uyğun təşkilinə daxili nəzarətin təmin edilməsi məqsədilə komissiya üzvləri ilə aparılan telefon danışıqlarının səs yazısı qeydə alınacaq.
Eyni zamanda, 210, 211, 212, 1602, 13 və 14-cü komissiyalar üzrə də apellyasiya prosesinin onlayn keçirilməsi nəzərdə tutulur. Həmin komissiyalar üzrə qabiliyyət imtahanları başa çatdıqdan sonra DİM-in rəsmi saytında elektron qeydiyyat barədə əlavə məlumat veriləcək.
Təsviri sənət istiqamətinin 10, 11 və 12-ci komissiyaları üzrə isə apellyasiya imtahanları başa çatdıqdan sonra imtahan binasında təşkil olunacaq. Apellyasiyanın tarixi, vaxtı, komissiyası və fənni barədə məlumat DİM-in rəsmi internet saytında, qabiliyyət imtahanları təqvimində və imtahan binasının girişində yerləşdirilən elanda açıqlanacaq.
Qeyd edək ki, hər bir istiqamət üzrə apellyasiya müraciətləri yalnız əvvəlcədən elan olunmuş tarixlərdə qəbul edilir. Basliqsec

