Azərbaycanlı təhsil tədqiqatçısı, Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi metodik jurnalının baş redaktoru vəzifəsini icra edən Böyükağa Mikayıllının “Kutadqu Bilik” əsərində türk pedaqoji konsepsiyası və çağdaş təhsildə tətbiqi” adlı elmi məqaləsi “Türkçülük Araştırmaları Dergisi”ndə dərc olunub.
“Tehsil365” xəbər verir ki, məqalədə XI əsrin görkəmli türk mütəfəkkiri Yusif Has Hacibin “Kutadqu Bilik” əsərində əks olunan pedaqoji ideyalar sistemli şəkildə təhlil edilib, onların müasir təhsil nəzəriyyələri və çağdaş təhsil sistemlərində tətbiq imkanları araşdırılıb.
Tədqiqat zamanı “Kutadqu Bilik” əsərinin dünyanın müxtəlif ölkələrində ayrı-ayrı aspektlərdən öyrənildiyi, xüsusilə Türkiyədə geniş tədqiqat obyektinə çevrildiyi müəyyənləşdirilib. Məqalədə əsasən türkiyəli alimlərin mövzu ilə bağlı elmi əsərlərinə istinad olunub. Araşdırmanın başlıca məqsədi əsərdə təqdim edilən türk pedaqoji konsepsiyasının əsas ideyalarını müəyyənləşdirmək və həmin ideyaların müasir təhsil baxımından əhəmiyyətini dəyərləndirməkdir.
Məqalədə qeyd olunur ki, “Kutadqu Bilik”də bilik və əxlaqın vəhdəti, kamil insanın formalaşdırılması, sosial məsuliyyət, idarəetmədə ədalətlilik, mənəvi yetkinlik, nizam-intizam və əxlaqlı övlad tərbiyəsi cəmiyyətin inkişafını təmin edən əsas amillər kimi təqdim edilir. Əsərdə qəhrəmanlar arasında qurulan dialoqlar vasitəsilə ləyaqətli, bilikli, ədalətli və məsuliyyətli şəxsiyyətin formalaşdırılması sosial rifahın və ictimai sabitliyin mühüm şərti kimi irəli sürülür. Tədqiqatda bu pedaqoji baxışların müasir sosial-emosional inkişaf, dəyərlər təhsili və şəxsiyyətyönümlü təlim yanaşmaları ilə səsləşdiyi vurğulanır. Məqalənin elmi yeniliyi klassik türk düşüncə irsinin çağdaş pedaqoji nəzəriyyələrlə inteqrativ şəkildə təhlil olunması və “Kutadqu Bilik”dəki ideyaların milli təhsil strategiyalarında tətbiq potensialının əsaslandırılması ilə bağlıdır.
Müəllifin qənaətinə görə, əsərdə irəli sürülən pedaqoji ideyalar müasir dövrdə dəyəryönümlü, etik düşüncəli, sosial məsuliyyətli və özünəinamlı şəxsiyyətin formalaşdırılması üçün mühüm nəzəri baza rolunu oynaya bilər.

