Beynəlxalq Muğam Mərkəzi bu mövsümdə zəngin və çoxşaxəli mədəni proqramlar təqdim edib. Ötən müddət ərzində yaradıcılıq gecələri, konsertlər və müxtəlif silsilə tədbirlər uğurla reallaşdırılıb. Xüsusilə ənənəvi “Azərbaycan muğamı” layihəsi çərçivəsində təqdim olunan muğam dəstgahları böyük maraqla qarşılanıb. Bu təşəbbüslərin əsas məqsədi milli musiqi irsimizin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.
“Tehsil365” Azertaca istinadən xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə bildirib ki, Beynəlxalq Muğam Mərkəzinin Əməkdar kollektivi Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri (dirijor Mustafa Aşurov) və Cahangir Cahangirov adına Xor kollektivi (bədii rəhbər Təranə Yusifova) hər ay müxtəlif mövzularda konsert proqramları ilə çıxış edir. Kollektivlərin iştirakı ilə görkəmli bəstəkarların və ifaçıların yubileylərinə həsr olunmuş musiqi gecələri, xatirə tədbirləri, tematik konsertlər, eləcə də milli musiqi irsinin təbliğinə xidmət edən layihələr mütəmadi olaraq tamaşaçılara təqdim olunur.
Sahib Paşazadənin sözlərinə görə, bu ilin yanvar ayından etibarən aşıq sənətinə həsr olunan tədbirlər də müntəzəm xarakter alıb. Ayda bir dəfə keçirilən bu proqramlarda ustad aşıqların yaradıcılığı, yubileyləri, klassik aşıq havaları və Azərbaycan aşıq sənətinin zəngin ənənələri tamaşaçılara təqdim edilir.
O qeyd edib ki, Mərkəzin gələcək planları sırasında klassik aşıq dastanlarının səhnə təqdimatları da yer alır. Yeni mövsümdən etibarən ayda bir dəfə klassik dastanların tam şəkildə təqdim olunması nəzərdə tutulur. Muğam dəstgahlarının bütöv şəkildə ifası ənənəsinin aşıq dastanlarına da şamil edilməsi planlaşdırılır.
Onun fikrincə, bu layihə həm sənətsevərlərin, həm də gənc nəslin milli-mənəvi irslə daha yaxından tanış olmasına mühüm töhfə verəcək və böyük maraqla qarşılanacaq.

