Bakı Mühəndislik Universitetinin (BMU) 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsi üzrə qəbul planı təsdiqlənib.
Universitetdən “Tehsil365”ə bildirilib ki, qəbul planına əsasən, magistratura üzrə ixtisasların sayı ötən illə müqayisədə 25-dən 28-ə, ixtisaslaşmaların sayı isə 38-dən 47-yə çatdırılıb. İxtisas və ixtisaslaşmalar üzrə ayrılan 483 yerdən 420-si Azərbaycan, 63-ü isə ingilis bölməsinin payına düşür. MBA proqramı üzrə isə 8 ixtisaslaşma üzrə ümumilikdə 175 yer ayrılıb. Həmin yerlərdən 160-ı Azərbaycan, 15-i isə ingilis bölməsi üçün nəzərdə tutulub.
Qəbul planına yeni ixtisaslar da daxil edilib. Bunlar “Kompüter elmləri” (Süni intellekt, Tətbiqi riyaziyyat), “Fizika” (Tətbiqi fizika – yarımkeçiricilər və dielektriklər fizikası) və “Dekorativ tətbiqi sənət” (Bədii keramika və şüşə) ixtisaslarıdır. Bununla yanaşı, “Maliyyə nəzarəti və audit”, “Maliyyə mühəndisliyi”, “Dəmir-beton konstruksiyaları”, “Radiorabitə, radioverilişlər və televiziya”, eləcə də “Mühəndislikdə idarəetmə” yeni ixtisaslaşmalar kimi qəbul planına əlavə olunub.
Qəbul planının əsas yeniliklərindən biri də BMU ilə Çin Xalq Respublikasının Pekin İnşaat və Memarlıq Universiteti (BUCEA) arasında magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsidir. Proqram çərçivəsində “İnformasiya texnologiyaları” ixtisasının “İdarəetmədə informasiya sistemləri” və “Maşın öyrənməsi”, “Memarlıq” ixtisasının “Memarlıq mühitinin dizaynı”, həmçinin “Mexanika mühəndisliyi” ixtisasının “Hidromexanika və hidravlik maşınlar” ixtisaslaşmaları üzrə qəbul aparılacaq.
İkili diplom proqramına qəbul olunan magistrantlar təhsilin ilk mərhələsini BMU-da, növbəti mərhələsini isə proqramın müvafiq modelinə uyğun olaraq Çində davam etdirəcəklər. Onlar Çində təhsil aldıqları müddətdə BUCEA tərəfindən ayrılan təqaüd imkanlarından da yararlanacaqlar. BUCEA-da təhsilini davam etdirmək istəməyən magistrantlar isə qüvvədə olan qaydalara və müvafiq akademik tələblərə uyğun olaraq təhsillərini BMU-da davam etdirə biləcəklər.

