Milli Məclisdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai dinləmə keçirilib.
“Tehsil365” APA-ya istinadən xəbər verir ki, dinləmədə 2028-ci ilin sonunadək Azərbaycan dilində böyük dil modellərinin hazırlanmasının və süni intellekt sahəsində idarəetmənin təkmilləşdirilməsinin strateji əhəmiyyət daşıdığı bildirilib.
Çıxışlarda vurğulanıb ki, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi dövlət, məktəb, müəllim, valideyn və rəqəmsal platformaların ortaq məsuliyyətidir. Şagirdlərin rəqəmsal savadlılığının artırılması, şəxsi məlumatların qorunması, məlumatların düzgünlüyünün yoxlanılması və sosial şəbəkələrdə etik davranış vərdişlərinin formalaşdırılması əsas prioritetlər sırasında göstərilib.
Bildirilib ki, Azərbaycan bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulub, milli qanunvericilik təkmilləşdirilib və uşaqların rəqəmsal mühitdə qorunmasına yönəlmiş hüquqi və texnoloji mexanizmlərin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

