Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində gələcəkdə namizədlərin süni intellekt sahəsində bilik və bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutula bilər.
“Tehsil365” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan "Təhsil dialoqu" verilişində danışıb.
O bildirib ki, MİQ müsabiqəsi artıq 10 ildən çoxdur keçirilir və bu müddətdə proses dəfələrlə təkmilləşdirilib. Onun sözlərinə görə, süni intellekt biliklərinin qiymətləndirilməsi ilkin mərhələdə informatika müəllimləri üçün tətbiq oluna, sonradan isə digər fənləri də əhatə edə bilər.
Nurlan İsmayılbəyli əlavə edib ki, gələcəkdə süni intellekt alətlərindən müsahibə və test mərhələlərində, eləcə də sualların seçilməsi prosesində istifadə olunması da istisna edilmir.

