Təsviri sənət istiqaməti üzrə bəzi qabiliyyət imtahanlarının nəticələrindən narazı qalan abituriyentlər və subbakalavrlar üçün apellyasiya müraciətlərinin qəbulu başlayıb.
“Tehsil365” xəbər verir ki, 15, 1601 və 1701-ci qabiliyyət imtahanı komissiyaları üzrə rəsm fənninin nəticələri ilə bağlı apellyasiya etmək istəyənlər 9 iyul saat 10:00-dan 10 iyul saat 17:00-dək elektron qeydiyyatdan keçə bilərlər.
Bildirilib ki, qeydiyyat apellyasiya.dim.gov.az saytı üzərindən aparılır və göstərilən müddətdə müraciət etməyən şəxslər sonradan apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər.
Məlumata görə, abituriyentlər müraciət etməzdən əvvəl imtahan nəticələri, çəkdikləri rəsm vərəqinin fotosurəti, qiymətləndirmə meyarları və şkalası ilə tanış olmalıdırlar. Elektron ərizədə müraciətin məzmunu və qiymətləndirmə meyarının hansı bəndinə etiraz edildiyi mütləq qeyd olunmalıdır.
Qeyd edilib ki, apellyasiya prosesi 11 iyul 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə onlayn formada həyata keçiriləcək. Digər komissiyalar üzrə apellyasiya tarixləri isə qabiliyyət imtahanları başa çatdıqdan sonra ayrıca elan ediləcək.

