Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişafı istiqamətində növbəti görüş keçirilib.
“Tehsil365” Report-a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Azərbaycanda səfərdə olan Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Adil Kərimli iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bunun mədəniyyət sahəsində əməkdaşlığın genişlənməsi üçün əlverişli imkanlar yaratdığını bildirib. Nazir son illərdə xüsusilə teatr və kino sahəsində əməkdaşlığın diqqətəlayiq olduğunu vurğulayıb.
Giorgi Mirtsxulava isə səmimi qəbula görə təşəkkür edərək, Gürcüstanın mədəni-humanitar sahədə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti Azərbaycan və Gürcüstan Mədəniyyət nazirlikləri arasında Birgə İşçi Qrupunun 3-cü iclasında iştirak etmək məqsədilə Bakıda səfərdədir.

