Necə işlədiyini bilmədiyiniz bir sistemi nə qoruya, nə də ordakı boşluğu tapa bilərsiniz".
Bu fikirləri kibertəhlükəsizlik mütəxəssisi Elvin Abbasov "Tehsil365"-ə verdiyi açıqlamada bildirib.
Kompüter biliklərini artırmaq və bu sahəyə vaxt ayırmaq müasir dövrdə gələcəyə qoyulan ən doğru investisiyadır. Lakin ümumi "kompüter kursları" çox vaxt ofis proqramları və ya bəzi təməl anlayışlarla məhdudlaşdığı üçün sizi kibertəhlükəsizlik kimi spesifik və dərin bir sahəyə hazırlaya bilməz. Özünü gələcəkdə kibertəhlükəsizlik mütəxəssisi kimi görən bir gəncin hara müraciət etməsindən asılı olmayaraq, işə birbaşa "hakerlik" və ya müdafiə alətlərindən deyil, sistemlərin daxili iş mexanizmini dərindən anlamaqdan başlaması lazımdır.
Texniki olaraq atılmalı olan ilk və ən kritik addım kompüterlərin bir-biri ilə necə danışdığını, məlumatın bir nöqtədən digərinə necə ötürüldüyünü izah edən şəbəkə əsaslarını (Networking), yəni IP ünvanları, DNS, TCP/IP protokollarını öyrənməkdir. Bununla bərabər, kibertəhlükəsizlik alətlərinin böyük əksəriyyətinin işlədiyi Linux əməliyyat sisteminin terminal (əmrlər sətri) idarəetməsini mənimsəmək və təməl proqramlaşdırma dili olaraq proqram təminatı proseslərini avtomatlaşdırmağa imkan verən Python dilini öyrənmək bu sahənin əlifbası sayılır.
Bu sahədə texniki biliklərdən daha önəmli olan və mütləq malik olunmalı şəxsi keyfiyyət isə tükənməz maraq və müstəqil araşdırma (özünüöyrənmə) bacarığıdır. Kibertəhlükəsizlik dinamik olaraq hər gün dəyişən, yeni təhdidlərin, sistem boşluqlarının və texnologiyaların anbaan yarandığı bir sferadır və heç bir universitet və ya kurs sizə ömür boyu kifayət edəcək hazır bilik bazası verə bilməz. Uğurlu bir mütəxəssis olmaq üçün qarşınıza çıxan qaranlıq bir texniki problemin və ya naməlum bir xətanın kökünə enmək üçün saatlarca rəsmi sənədləri (documentation) araşdırmaqdan yorulmamalı, hər bir rəqəmsal infrastrukturun pərdəarxasını "bu niyə və necə işləyir?" sualı ilə qurdalamağı bir həyat tərzinə çevirməlisiniz.
Ekspert sonda vurğulayıb ki, kibertəhlükəsizlik sahəsi sadəcə bir peşə deyil, daim yenilənən texnoloji mühitdə ayaqda qalmağı bacaran, davamlı inkişafa köklənmiş bir təfəkkür tərzidir.

