İyulun 14-dən etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə test imtahanlarına start veriləcək.
“Tehsil 365” xəbər verir ki, Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli mətbuata açıqlamasında məlumat verib.
O bildirib ki, artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. Bu həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək:
"2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi 3–10 iyun tarixlərini əhatə edib. Bu müddət ərzində 46505 müraciət daxil olub, 40574 namizəd ərizəsini təsdiqləyib və 38651 namizədin ərizəsi qəbul edilib.
Qanunvericiliyə uyğun olaraq 9857 namizəd iştirak haqqının ödənilməsindən azad edilib, 28794 namizəd üçün isə 6–9 iyul tarixlərində ödəniş sistemi aktiv olub. Qeyd edim ki, ödəniş prosesi bu gün saat 15:00-da yekunlaşacaq".
Müdir müavini xatırladıb ki, bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəllimlərin işə qəbulu müsabiqəsi ödənişli əsaslarla təşkil edilir.
"Bununla yanaşı, ilk dəfə iştirak edən namizədlər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azad olunublar. Bu məlumatlar aidiyyəti dövlət informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılıb.
Namizədlərin ödəniş prosesini rahat həyata keçirmələri üçün videotəlimat hazırlanaraq rəsmi sosial media hesablarımızda paylaşılmış, eyni zamanda proses boyunca zəruri texniki və informasiya dəstəyi göstərilmişdir.
Hazırkı statistikaya əsasən, ödəniş etməli olan namizədlərdən 21050 şəxs artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib", - deyə o bildirib.

