Azərbaycan Dillər Universitetində uzun illər səmərəli fəaliyyət göstərmiş görkəmli alim, tanınmış pedaqoq Əmralı Şirəli oğlu Şirəliyevin zəngin elmi-pedaqoji irsi milli təhsilimizin inkişafında mühüm yer tutur. Onun pedaqoji fəaliyyəti, elmi araşdırmaları və metodika elminə gətirdiyi yenilikləri yüksək ixtisaslı kadrların hazırlanmasına, gənc nəslin elmi dünyagörüşünün formalaşmasına və maarifçilik ənənələrinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Müəllifi olduğu elmi əsərlər uzun illər ərzində pedaqoji ictimaiyyət üçün dəyərli tədqiqat mənbəyi olmuş, metodika elminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rol oynamışdır. Əmralı Şirəliyevin elmi-pedaqoji fəaliyyəti, peşəkarlığı və fədakar əməyinin nəticələri bu gün də öz aktuallığını qoruyur, onun yetişdirdiyi yüzlərlə mütəxəssis vasitəsilə yaşamaqda davam edir.
“Tehsil 365”xəbər verir ki, Azərbaycan Dillər Universitetində uzun illər rəhbər vəzifələrdə çalışmış bu görkəmli alim müxtəlif dövrlərdə bir sıra kafedralara rəhbərlik etmiş, 2017-2023-cü illərdə Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri kimi universitetin elmi-pedaqoji inkişafına mühüm töhfələr vermişdir. O, rəhbərik etdiyi dövrdə yüksək təşkilatçılıq bacarığı, optimist mövqeyi və humanist münasibəti ilə kollektivin dərin hörmətini qazanmışdır. Gənc müəllimlərin peşəkar inkişafına hər zaman xüsusi diqqət yetirmiş, onların pedaqoji ustalığının formalaşmasına dəyərli tövsiyələri və mənəvi dəstəyi ilə mühüm işlər görmüşdür. Həmkarlarına və tələbələrinə göstərdiyi qayğı, səmimiyyəti və yüksək insani keyfiyyətləri onu universitet ictimaiyyətinin yaddaşında əbədi yaşadan əsas xüsusiyyətlərindəndir.
Əmralı müəllimin vəfat etməsi xəbəri Azərbaycan Dillər Universitetinin kollektivini və bütövlükdə elmi-pedaqoji ictimaiyyəti dərin kədərə qərq etmişdir. Onun itkisi yalnız universitet üçün deyil, Azərbaycan təhsilinin və pedaqoji elminin inkişafı baxımından da böyük itki kimi qiymətləndirilir.
Əmralı müəllimin həyat fəlsəfəsini əks etdirən bu dəyərli fikri xatırlatmağı borc bilirik: “İnsan dünyadan köçdükdən sonra onun cəmiyyətə qoyub getdiyi iki ən böyük miras qalır: əsərləri və əməlləri”.
Şübhəsiz ki, Əmralı Şirəliyev öz zəngin elmi irsi, nümunəvi pedaqoji fəaliyyəti və yetişdirdiyi minlərlə tələbəsi vasitəsilə Azərbaycan təhsil tarixində silinməz iz qoymuş görkəmli ziyalılardan biri kimi daim ehtiramla anılacaqdır.
Azərbaycan Dillər Universitetinin kollektivi adından Əmralı Şirəliyevin ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Görkəmli alimin əziz xatirəsi onun tanıyanların qəlbində daim yaşayacaq.

