“Uşağı mütaliəyə cəlb etmək üçün ilk növbədə yaxşı kitablar lazımdır. Təəssüf ki, bu gün kitablar həddindən çox nəşr olunsa da, yaxşı kitablar azlıq təşkil edir”.
Bu fikirləri yazıçı Zahid Xəlil “Tehsil365”ə verdiyi açıqlamada bildirib.
“İlk olaraq onu qeyd edim ki, bu sual müasir dövrün bütün ziyalılarını düşündürən ən aktual məsələlərdən biridir. Hazırda yeni çıxan kitablar mətbuatda demək olar ki, peşəkar şəkildə təhlil olunmur. Kitabların əhəmiyyətli və tərbiyəvi cəhətləri uşaqların anlayacağı sadə, aydın dildə izah edilmir. Bununla yanaşı, gənc nəsil arasında oxucu görüşləri, kitab müzakirələri çox az aparılır. Yaxşı əsərlərin təbliğinin uşaqların mənəvi inkişafı üçün nə qədər əhəmiyyətli olduğu tamamilə unudulmuşdur. Hazırda televiziya kanallarında da uşaqların intellektinə yönəlmiş proqramlar əvəzinə bəsit yazılar, səthi verilişlər daha çox yer tutur. Bu cür laqeyd yanaşma isə nəticə olaraq keyfiyyətli ədəbi materialların real oxucuya vaxtında və düzgün şəkildə çatmasına ciddi maneələr törədir”.

