Azərbaycan Dillər Universitetində (ADU) 2027–2031-ci illəri əhatə edəcək Strateji İnkişaf Planının hazırlanması istiqamətində növbəti iclas keçirilib. İclasda Strateji İnkişaf Planının elm istiqaməti üzrə alt qrupun üzvləri iştirak ediblər.
ADU-dan “Tehsil365” ə bildirilib ki, tədbiri universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva açıq elan edərək strateji planlaşdırmanın universitetin davamlı inkişafının təmin olunmasında, elmi potensialın gücləndirilməsində və beynəlxalq ali təhsil məkanında rəqabətqabiliyyətliliyin artırılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
İclas çərçivəsində əvvəlcə 2021–2025-ci illəri əhatə edən Strateji İnkişaf Planının icrası ilə bağlı görülmüş işlərə dair hesabat dinlənilib. İştirakçılar ötən dövrün nəticələrini təhlil edərək yeni Strateji İnkişaf Planının hazırlanması zamanı nəzərə alınmalı prioritet istiqamətlər barədə fikir mübadiləsi aparıblar.
Daha sonra 2027–2031-ci illər üçün Strateji İnkişaf Planının hazırlanması ilə bağlı əsas prioritetlər və fəaliyyət istiqamətləri müzakirə olunub. Müzakirələr zamanı alt qrup üzvləri müxtəlif təklif və tövsiyələr irəli sürüb, strateji planın elmi əsaslara söykənməsi, müasir çağırışlara cavab verməsi və universitetin uzunmüddətli inkişaf prioritetlərini əks etdirməsi baxımından fikir mübadiləsi aparıblar.

