Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə beynəlxalq reytinqlərdə qazanılan uğurlarda fəal iştirakı olan əməkdaş və tələbələrin təltifi ilə bağlı tədbir təşkil edilib.
AZMİU-dan “Tehsil365” ə bildirilib ki, strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədova universitetin beynəlxalq reytinqlər üzrə 2025–2026-cı tədris ilində əldə etdiyi nəticələri iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, AzMİU QS World University Rankings reytinqində 1001–1200 aralığından 951–1000 aralığınadək yüksəlib. THE Impact Rankings reytinqində universitet 1501+ qrupundan 801–1000 qrupuna yüksəlib. UI GreenMetric World University Rankings nəticələrində 632-ci yerdən 606-cı yerə irəliləyib. Bununla yanaşı, universitet QS Europe Rankings reytinqində 476-cı, QS Western Asia Rankings reytinqində 30-cu, QS World University Rankings by Subject reytinqində 201–300 aralığında yer alıb. Həmçinin, QS Stars beynəlxalq qiymətləndirməsində 5 ulduz mükafatına layiq görülüb.
Tədbirdə Beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru Orxan Naqdiyev, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, dosent Elgiz Həsənov və İnşaat fakültəsinin dekanı, professor Sahib Fərzəliyev çıxış edərək universitetin beynəlxalq reytinqlərdə yüksəlişinin strateji əhəmiyyətindən danışıblar.
Çıxışlarda beynəlxalq reytinqlərin tədris keyfiyyəti, elmi fəaliyyəti, dayanıqlı inkişaf istiqamətində gördüyü işlər və beynəlxalq nüfuzunun mühüm göstəricisi olduğu qeyd edilib, qazanılan uğurların gələcək inkişaf üçün yeni imkanlar yaratdığı vurğulanıb.
Sonda dayanıqlı inkişaf məqsədlərinə xidmət edən siyasət sənədlərinin hazırlanmasına verdikləri töhfəyə görə professor-müəllim heyətinə təşəkkürnamələr, beynəlxalq reytinqlərdə göstərdikləri dəstəyə görə isə tələbələr sertifikat və xüsusi mükafatlarla təltif olunublar. Universitetin rektoru professor Gülçöhrə Məmmədovanın təşəbbüsü və dəstəyi ilə tələbələrə pul mükafatı da təqdim edilib. Təltiflər beynəlxalq reytinqlərin inkişafına töhfə verən əməkdaş və tələbələrin əməyinə verilən yüksək dəyərin göstəricisi kimi qiymətləndirilib.
Qeyd edilib ki, bu təşəbbüs universitetdə beynəlxalq reytinq mədəniyyətinin daha da gücləndirilməsinə, əməkdaş və tələbələrin bu prosesdə fəal iştirakının təşviqinə xidmət edir.

