Xalq rəssamı Altay Hacıyev “Xurşidbanu Natəvana ithaf” əsərində Natəvan haqqında öz poetik düşüncələrini rənglərin dili ilə ifadə edir. Kompozisiyanın mərkəzində zərif qadın fiquru yerləşdirilib. Fiqurun ətrafı güllər, bitkilər, quşlar və dekorativ elementlərlə əhatə olunub. Bu elementlər Natəvanın həyatının və yaradıcılığının əsas istiqamətlərini simvolizə edir.
“Tehsil365” Azertaca istinadən xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov söyləyib.
O vurğulayıb ki, əsərdə gül motivləri xüsusilə diqqət çəkir. “Natəvanın Qarabağda saldığı bağlar, çiçək sevgisi və poeziyasında təbiət obrazlarının geniş yer tutması rəssam tərəfindən kompozisiyanın əsas hissəsinə çevrilib. Burada gül sadəcə dekorativ detal deyil, gözəllik, həyat və yaradıcılıq rəmzidir. Mavi və yaşıl rənglərin üstünlük təşkil etməsi əsərə sakit və lirik ovqat verir. Sarı tonlar isə işıq və ümid hissini gücləndirir. Fiqurun ətraf mühitlə birləşməsi Natəvanın Qarabağ torpağı ilə ayrılmaz bağlılığını göstərir. Əsərin fəlsəfi məzmunu ondan ibarətdir ki, Natəvan artıq tarixi şəxsiyyət kimi deyil, Azərbaycan mədəniyyətinin yaşayan mənəvi dəyəri kimi təqdim edilir. Altay Hacıyev bu əsərlərdə Natəvanın zahiri görkəmini deyil, onun ruhunu rənglər, rəmzlər və poetik assosiasiyalar vasitəsilə ifadə etməyə nail olub. Məhz buna görə rəssamın Natəvan silsiləsi Azərbaycan rəngkarlığında şairə obrazının ən fərdi və ən poetik yozumlarından biri hesab edilir”, - deyə A.Xəlilov əlavə edib.

