Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.
Agentlikdən “Tehsil365”ə bildirlib ki, hesabatda 2026-ci ilin ikinci rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb. Belə ki, cari ilin birinci rübü üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operator, yaxud provayderin indeks dəyişiklik dinamikası müəyyən olunub.
Eyni zamanda, hesabatda təqdim edilən şikayətlərin orta cavablandırılma müddəti məlumatı “E-Şikayət” sisteminə 2026-cı ilin ikinci rübündə daxil olan müraciətlərin telekommunikasiya operator və provayderləri tərəfindən icra müddətini əks etdirir.
“İKTA bəyan edir ki, ictimai nəzarətin formalaşması, şəffaflıq və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksinin və şikayətlərin orta cavablandırılma müddəti hesabatının hazırlanması zəruri addımdır. Bu, telekommunikasiya sektorunda real mənzərəni müəyyən etməyə, tənzimlənmə prosesini daha asan və tez həyata keçirməyə imkan yaradacaq”, - deyə agentlik qeyd edib.
Bildirilib ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. Bu günə qədər vətəndaşlar tərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 14 min 800-dək müraciət daxil olub.
Agentlik telekommunikasiya xidmətlərində çətinliklər yarandıqda istifadəçilərə ilk növbədə öz xidmət təchizatçılarının rəsmi əlaqə vasitələrinə müraciət etməyi, ehtiyac yarandığı təqdirdə isə “mygov” platforması üzərindən İKTA-nın “İstifadəçilərin öz internet servis provayderlərindən və mobil operatorlarından və poçt rabitəsi operatorlarından onlayn şikayət etməsi” xidmətindən (“E-Şikayət”) yararlanmağı məsləhət görür.
Agentlik şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatının dərcinin davamlı olacağını və geniş ictimaiyyətə rüblük təqdim ediləcəyini bir daha bəyan edir. İKTA gələcək fəaliyyətində bu cür ictimai iştirakçılıq vasitələrindən tənzimləmə və nəzarət mexanizmlərinin qurulmasında geniş istifadəni strateji məqsədlərindən biri olaraq müəyyənləşdirib.

