“Hazırkı dövrümüzdə elmə, təhsilə, hətta məişətimizə qədər süni intellekt gəlib çatıb. Ona görə də bu trendə qoşulmaqdan başqa bizim bir əlacımız qalmır”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib.
Ekspert bildirib ki, süni intellekt bizə çox şeyləri unutdura bilər.
“Sadəcə olaraq, süni intellekt bizə çox şeyləri unutdura bilər. Məsələn, bizim milli adət-ənənəmizi, milli dəyərlərimizi, ədəbiyyatımızı, coğrafiyamızı, tariximizi müəyyən qədər süni intellektə etibar etməklə biz çox şeyi itirmiş oluruq. Ona görə də mən düşünürəm ki, şəxsən Azərbaycan modeli üçün süni intellekt belə tezliklə bütün mən sadaladığım faktorlara müdaxiləsi mümkün olmayacaq”.
Onun sözlərinə görə, süni intellektin müəyyən sahələr üzrə tətbiqinə başlanılıb.
“Artıq süni intellektin müəyyən sahələr üzrə tətbiqinə başlanılıb. Hətta bunu elm-təhsil sahəsində də sınayıblar. Mən düşünürəm ki, bu hələ bu tezliklə dərslikləri, müəllimləri əvəz edə bilməyəcək”.
Ekspert vurğulayıb ki, süni intellektin bir çox üstünlükləri də var.
“Süni intellektin bir çox üstünlükləri də var. Məsələn, işi sürətləndirmək, asanlaşdırmaq, təkrar biliyi mənimsəmək, zəif uşaqların təkmilləşməsinə kömək etmək və s. Ümumilikdə süni intellekt bizim təhsilimizi, elmimizi inkişaf etdirəcək deyə bir şey təsəvvür etmək mümkün deyil. Ona görə də mən bir qədər fərqli düşünürəm, amma hər halda məktəblərdə süni intellektin istifadəsi ancaq məqsədyönlü və planlı olmalıdır. UNESCO-nun rəhbərliyi də təklif edib ki, süni intellektin tətbiqini mütləq şəkildə insanların vasitəsilə çatdırıb onları idarə eləsinlər. Düşünürəm ki, süni intellektə hər şeyi özbaşına həvalə etmək olmaz”.

