Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə həyata keçirdiyi "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə rəsmi görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşün məqsədi proqramın qaliblərini növbəti mərhələ ilə tanış etmək, innovasiya və süni intellekt sahəsində mövcud imkanlar, gələcək inkişaf perspektivləri və proqram çərçivəsində yaradılan imkanlar barədə məlumat vermək olub.
Tədbir zamanı iştirakçılar Gənclər Fondu və Bakcell-in gənclərin innovasiya potensialının inkişafına yönəlmiş strateji yanaşmaları ilə bağlı ətraflı məlumat əldə ediblər.
Bildirilib ki, proqramın əsas məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq təşəbbüskar və innovativ gənclərin yetişdirilməsinə töhfə verməkdir. Layihə ölkədə dayanıqlı innovasiya mühitinin inkişafını dəstəkləməklə yanaşı, texnologiya sahəsində yüksək potensiala malik gənclərin hazırlanmasına və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına xidmət edir.
Qeyd edək ki, təqaüd proqramına ümumilikdə 1851 müraciət daxil olub. Çoxmərhələli seçim prosesini uğurla başa vuran 25 gənc təqaüd qazanıb.
Proqram çərçivəsində qaliblər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizaynı istiqamətlərində təlimlərə cəlb olunacaq, nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək və rəqəmsal transformasiyanın tələblərinə cavab verən mütəxəssis kimi formalaşmaq imkanı əldə edəcəklər.

