Güclü Bavi tayfununun yaxınlaşması ilə əlaqədar Tayvanın bir sıra şəhər və rayonlarında məktəblərdə tədris müvəqqəti dayandırılıb.
“Tehsil365" xəbər verir ki, yerli hakimiyyət orqanları şagird və müəllimlərin təhlükəsizliyini təmin etmək məqsədilə cümə günü dərslərin keçirilməməsinə qərar verib.
Məktəblərlə yanaşı, dövlət müəssisələri və bir çox özəl şirkətlər də fəaliyyətini müvəqqəti dayandırıb. Tayçjun şəhərində isə məktəb və dövlət müəssisələrinin cümə günü axşam saatlarından bağlanacağı, şənbə günü də fəaliyyət göstərməyəcəyi açıqlanıb.
Yerli əhaliyə zərurət olmadıqca evdən çıxmamaq, əvvəlcədən ərzaq, içməli su və digər zəruri ehtiyatları toplamaq tövsiyə edilib.

