Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi “Parla” təqaüd və inkişaf proqramının məzunlarını bir araya gətirən “Parla” Məzunlar İcmasının ilk görüşü keçirilib.
“Tehsil365" xəbər verir ki, icma proqramın davamlılığının təmin olunması, məzunlar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də onların şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə yaradılıb.
Bildirilib ki, hazırda icmanın tərkibinə proqramın əvvəlki buraxılışlarından olan 40 məzun daxildir. Gələcək illərdə yeni məzunların da şəbəkəyə qoşulması ilə icmanın daha da genişlənməsi planlaşdırılır.
Tədbirdə proqram məzunları üçün yaradılan yeni inkişaf platformasının əhəmiyyəti, güclü məzun şəbəkəsinin formalaşdırılması, davamlı öyrənmə imkanlarının genişləndirilməsi və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Görüş çərçivəsində iştirakçıların şəxsi və peşəkar inkişafına yönəlmiş təlim proqramı da təşkil olunub. Təlimlər zamanı liderlik, özünüinkişaf, məqsədlərin müəyyənləşdirilməsi və peşəkar inkişaf mövzuları üzrə interaktiv sessiyalar keçirilib, həmçinin neyroqrafika üzrə praktiki seminar təşkil olunub.
Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı ali təhsil müəssisələrində təhsil alan tələbə qızların akademik, şəxsi və peşəkar inkişafının dəstəklənməsinə yönəlib. Proqram iştirakçılarına təqaüdlə yanaşı, mentorluq, təlim və karyera inkişafı imkanları təqdim olunur.

