Bakı Dövlət Universitetinin (BDU) rektorunun rəqəmsallaşma və innovasiyalar üzrə müşaviri Güman Qarayev Böyük Britaniyanın Kembric Universitetində keçiriləcək tədqiqat səfərində iştirak edəcək.
“Tehsil365” xəbər verir ki, 15 iyul–15 avqust tarixlərini əhatə edəcək səfərin məqsədi dünya səviyyəli elmi-tədqiqat müəssisəsində elmi araşdırmaların təşkili və idarə olunması sahəsində təcrübə qazanmaq, həmçinin struktur biologiyasının aktual hesablama məsələləri üzrə tədqiqat aparmaqdır.
Səfər çərçivəsində aşağı ayırdetmə qabiliyyətinə malik krio-elektron mikroskopiya (krio-EM) xəritələrinə atom struktur modellərinin uyğunlaşdırılması problemi üzərində elmi araşdırmalar həyata keçiriləcək.
Bildirilib ki, tədqiqatın nəticəsində elmi idarəetmə sahəsində təcrübənin artırılması və əldə olunan hesablama metodlarının praktiki proqram təminatına çevrilməsi nəzərdə tutulur.

