2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində "Dövlət siyasəti və idarəçilik" ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.
“Tehsil365" xəbər verir ki, yeni ixtisaslaşma dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi, idarəetmə sistemlərinin təkmilləşdirilməsi, strateji planlaşdırma və müasir idarəçilik yanaşmalarının tətbiqi sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edəcək.
Bildirilib ki, ictimai idarəetmə sahəsində aparılan islahatlar, rəqəmsal transformasiya və səmərəli dövlət xidmətlərinə artan tələbat bu istiqamətdə peşəkar kadrlara ehtiyacı artırır. Bu baxımdan BDU-da yeni ixtisaslaşmanın yaradılması elmi və praktiki baxımdan aktual hesab olunur.
İxtisaslaşma çərçivəsində magistrantlar dövlət idarəçiliyi nəzəriyyələri, ictimai siyasətin formalaşdırılması, strateji planlaşdırma, dövlət proqramlarının qiymətləndirilməsi, idarəetmə islahatları və institusional inkişaf istiqamətləri üzrə nəzəri biliklər və praktiki bacarıqlar əldə edəcəklər.

