Heydər Əliyev Sarayında keçirilən "SABAH-ın Məzunu 2026" tədbiri Sumqayıt Dövlət Universiteti (SDU) üçün əlamətdar hadisə ilə yadda qalıb.
“Tehsil365” xəbər verir ki, bu il universitet tarixində ilk dəfə olaraq SABAH qruplarının tələbələri təhsillərini başa vuraraq məzun adını qazanıblar.
Tədbirdə iştirak edən SDU-nun rektoru, professor Nurəli Yusifbəyli universitetin ilk SABAH məzunlarına diplomlarını təqdim edib, onları bu tarixi nailiyyət münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Rektor sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, ilk SABAH məzunları yalnız təhsillərini uğurla başa vuran gənclər deyil, həm də universitetdə SABAH təhsil modelinin ilk nümayəndələri kimi SDU-nun tarixinə öz adlarını yazdırıblar.
Qeyd olunub ki, ilk SABAH məzunlarının yetişməsi universitetdə təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin mühüm nəticələrindən biri olmaqla yanaşı, gələcək SABAH tələbələri üçün də motivasiya mənbəyi hesab edilir.

