Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Təhsil Şurası İctimai Birliyi arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalanıb.
“Tehsil365” xəbər verir ki, iyulun 10-da keçirilən imzalanma mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Tədris departamentinin müdiri dosent Sənan Əliyev, həmçinin Təhsil Şurası İctimai Birliyinin sədri professor Hikmət Əlizadə və digər nümayəndələr iştirak ediblər.
Tədbirdə çıxış edən rektor Cəfər Cəfərov universitetdə həyata keçirilən təhsil islahatları, müəllim hazırlığının keyfiyyətinin artırılması, beynəlxalq əməkdaşlıq əlaqələri və ölkənin təhsil sisteminin inkişafına verilən töhfələrdən danışıb. O, ADPU-da müasir təhsil mühitinin formalaşdırılması, innovativ tədris metodlarının tətbiqi və yüksəkixtisaslı pedaqoji kadrların hazırlanmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.
Təhsil Şurası İctimai Birliyinin sədri Hikmət Əlizadə isə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, təşkilat təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, ictimai təşəbbüslərin təşviqi və təhsil sisteminin inkişafına dəstək göstərilməsi məqsədilə fəaliyyət göstərir. O, ADPU ilə əməkdaşlığın qurum üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Görüş zamanı tərəflər birgə layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Sonda əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər təhsil sahəsində ictimai iştirakçılığın təşviqi, təhsil siyasəti və islahatları ilə bağlı müzakirə platformalarının yaradılması, müəllimlərin peşəkar inkişafına dəstək, universitetlə təhsil ictimaiyyəti arasında əməkdaşlığın gücləndirilməsi, birgə maarifləndirici tədbirlərin təşkili və digər istiqamətlərdə birgə fəaliyyət göstərəcəklər.

