"Teatr və kino sadəcə bəzəkli bir səhnədən ibarət deyil; əgər cəmiyyətin mənəviyyatı, ailə və məktəb sütunları zədələnibsə, səhnədəki heç bir oyun insanı yenidən formalaşdıra bilməz."
Bu səmimi və ağrılı fikirləri tanınmış sənətkar Kamran Yunis "Tehsil 365"-ə xüsusi açıqlamasında bildirib.
O, cəmiyyətdə mənəviyyatın, ailə və məktəb institutunun hazırkı vəziyyəti ilə bağlı narahatlıqlarını bu sözlərlə ifadə edib:
"Bu o qədər ağır, çətin və birmənalı olmayan bir sualdır ki, bu barədə nəsə söz demək həddindən ziyadə çətindir. İllərlə bizə öyrədiblər ki, güya teatr, kino, televiziya insanların əxlaqına təsir edir. Xeyr, heç nə təsir eləmir. İnsanların əxlaqını formalaşdıran onun ailəsidir, cəmiyyətdir, ətrafındakı dostları və yoldaşlarıdır. Amma ən önəmlisi ailələri və məktəbdir. Bu oyun qaydaları, ailə-məktəbimiz elə param-parça ola-ola gedir ki, uşaqlarımızın, gənclərimizin tərbiyəsi getdikcə pozulur. Bunu gözlə görmək çox çətindir. Çünki insanlar bir cür düşünür, başqa cür danışır, tamamilə başqa cür hərəkət edirlər. İnsanlar riyakarlıq eləməyə çox ustalıqla rəvac verirlər.
Məktəbdə də eyni şeydir. Çünki nə evdə böyüyün, ananın, atanın dəyəri var, nə də məktəbdə müəllimin dəyəri var. Bugünkü Azərbaycanımızda necə ki insanın dəyəri yoxdur, cəmiyyətimizdə də heç kimin dəyəri yoxdur. Heç kim böyüyü saymır, heç kim kiçiyi saymır. Böyüyün böyük yeri yoxdur, kiçiyin kiçik yeri yoxdur. Əslində baxanda güya hər şey çox gözəldir, hər şey əladır, güya böyüklər deyirlər ki, gül-çiçək açırıq, azad Azərbaycanda azad yaşayırıq, amma bu heç də belə deyil. Çünki kökündə sağlam olmayan bir cəmiyyətdə yaşadığımızdan dolayı, üzdə gözəl görünən hər şey əslində mahiyyətcə çürük, mahiyyətcə xarab bir şeydir. Kinomuz var, amma kinomuz yoxdur, teatrımız var, amma teatrımız yoxdur, ailələr var, amma ailələr yoxdur. Gənclər gənc deyil, nə böyüyə hörmət var, nə kiçiyə hörmət var.
Bunu elə şəhərə çıxanda, yola çıxanda da görmək olar. Hamı başını salıb aşağı, telefona baxa-baxa gedir. Hamının bir dünyası var, o da telefon dünyasıdır, sosial şəbəkələr dünyasıdır. Və belə cəmiyyətdən nə gözləmək olar? Mən bax bunu bilmirəm. Əgər bunun cavabını nə vaxtsa tapsaq, bəlkə onda bəlkə bizdən də nəsə oldu.

