Son üç il ərzində beynəlxalq müstəvidə dekolonizasiya prosesinə mühüm töhfə verən tərəflərdən və təşkilatlardan biri Bakı Təşəbbüs Qrupudur.
“Tehsil365” Azertaca istinadən xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov söyləyib. O bildirib ki, təşkilat son üç ildə həyata keçirdiyi fəaliyyət nəticəsində dünya ictimaiyyətini kolonial cinayətlər, müstəmləkəçilik siyasətinin fəsadları və dekolonizasiya prosesinin gedişi barədə daha geniş məlumatlandırmağa nail olub.
“Fərqli beynəlxalq platformalarda həyata keçirdiyimiz təşəbbüslər sayəsində biz yalnız kolonial cinayətlərin nəticələrini deyil, həm də bu məsələnin siyasi, hüquqi və digər aspektlərini beynəlxalq təşkilatların diqqətinə çatdırmışıq”, – deyə icraçı direktor vurğulayıb.
A.Abbasov qeyd edib ki, hazırda BMT, onun aidiyyəti institutları, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar dekolonizasiya ilə bağlı məsələləri gündəliklərinə daha fəal şəkildə daxil edirlər.
İcraçı direktor media qurumlarının və informasiya agentliklərinin bu prosesdə xüsusi rol oynadığını vurğulayıb.
“Şəxsən Bakı Təşəbbüs Qrupu adından və dekolonizasiya prosesində iştirak edən bütün tərəflər adından media nümayəndələrinə və informasiya agentliklərinə dərin minnətdarlığımı bildirirəm. Onların fəaliyyəti olmasaydı, dünya ictimaiyyəti kolonial siyasətlərin fəsadları barədə bu qədər məlumatlı olmazdı. Bu gün dekolonizasiya prosesində ən mühüm rol oynayan tərəflərdən biri məhz media və informasiya agentlikləridir.
Bu təşəbbüs təşkilatın media sahəsində həyata keçirdiyi ikinci layihədir. 2024-cü ildə dənizaşırı ərazilərdə fəaliyyət göstərən jurnalistlər üçün Azərbaycanda media turu təşkil olunub. Tur çərçivəsində ADA Universitetində kommunikasiya üzrə təlim keçirilib, həmçinin aidiyyəti dövlət qurumları və informasiya agentlikləri ilə görüşlər təşkil edilərək fikir mübadiləsi aparılıb”, – deyə A.Abbasov əlavə edib.

