Stokholm Universitetinin alimləri Siqtuna, Vesterhus və Fyelking şəhərlərindəki 50 kütləvi məzarda dəfn edilmiş 142 nəfər üzərində DNT tədqiqatı aparıblar. Dəfnlər Vikinq dövrünün sonlarına və X-XIII əsrlərə aiddir.
Əvvəllər uşaqların valideynləri və ya digər yaxın qohumları ilə birlikdə dəfn olunduğu hesab edilirdi.
“Tehsil365” xəbər verir ki, tədqiqatın nəticələrinə görə, birgə dəfnlər əksər hallarda qohumluq əlaqələri ilə deyil, sosial şərait və ölüm vaxtı ilə müəyyən edilib. “Bu, uşağın eyni xutorda yaşadığı insanlar və ya təxminən eyni vaxtda vəfat edən yerli icmadan tanışlar ola bilərdi. Ola bilsin ki, əgər uşaq ölürdüsə, onu məzarda tək dəfn etməkdən çəkinərdilər”, - deyə tədqiqatın müəllifləri qeyd edirlər.
Dişlərdən əldə edilən genetik materialdan istifadə edərək, alimlər ilk dəfə olaraq azyaşlı uşaqların cinsini müəyyən edə bildilər ki, bu da əvvəllər, demək olar, mümkün deyildi. Tədqiqat göstərib ki, qızlar qadınların, oğlanlar isə kişilərin yanında dəfn olunub. Bu, gender rollarının artıq erkən uşaqlıqdan mövcud olduğunu göstərir.
Alimlər qeyd edirlər ki, orta əsr qəbiristanlıqları ciddi sosial quruluşa malik olub. Qullar qəbiristanlığın kənarında dəfn olunurdu, xaç suyuna salınmamış körpələrin müqəddəs torpaqda dəfn edilməsi qadağan idi.
Ən maraqlı kəşflərdən biri 30 yaşına çatmamış vəfat edən “Ledi 56” gənc qadın idi. DNT testi onun eyni qəbiristanlıqda dəfn olunmuş qohumlarını müəyyənləşdirməyə kömək edib, onun məzarında tapılan zəvvar balıqqulağı qadının İspaniyadakı Santyaqo-de-Kompostelaya səyahət etdiyini göstərir ki, bu da həmin dövr üçün nadir nailiyyət idi.

