Bu gün ADA Universitetində REAL TV-nin təşkilatçılığı ilə "Media Masası" adlı tədbir keçirilib. Tədbirdə media sahəsinin nümayəndələri, jurnalistlər, tələbələr və ekspertlər bir araya gələrək media, jurnalistika və informasiya mühiti ilə bağlı müzakirələr aparıblar.
“Tehsil365” xəbər verir ki, tədbirdə müxtəlif ali təhsil müəssisələrinin tələbələri, media nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər.
Görüş zamanı azyaşlıların sosial şəbəkələrdən istifadəsinin yaratdığı risklər, rəqəmsal təhlükəsizlik, valideyn nəzarəti və bu sahədə qanunvericilik təşəbbüsləri ətrafında müzakirələr aparılıb. İştirakçı tələbələrin fikirləri dinlənilib, onlardan müsahibələr götürülərək tədbir iştirakçılarına təqdim olunub. Eyni zamanda gənclər mövzu ilə bağlı ekspertlərə suallar ünvanlayaraq fikir mübadiləsi aparıblar.
Tədbirdə tələbələrin media və cəmiyyətlə bağlı fikirləri dinlənilib. Azyaşlı sosial media istifadəçilərindən müsahibələr götürülərək tədbir iştirakçılarına təqdim edilib. Eyni zamanda iştirakçılar media sahəsində çalışan mütəxəssislərə onları maraqlandıran suallar ünvanlayıb, jurnalistika, informasiya mühiti və media savadlılığı ilə bağlı fikir mübadiləsi aparıblar.
Tədbir interaktiv formatda təşkil olunub və tələbələrin fəal iştirakı ilə yadda qalıb. Gənclər həm öz baxışlarını bölüşmək, həm də peşəkar media nümayəndələrinin təcrübəsindən faydalanmaq imkanı əldə ediblər.
Qeyd edək ki, "Media Masası" layihəsinin əsas məqsədi media ilə gənclər arasında açıq dialoqun qurulması, sosial medianın düzgün istifadəsi və aktual mövzular ətrafında müzakirələrin təşviq edilməsidir.

