Braziliya sahillərində aparılan dəniz ekspedisiyası zamanı alimlər cəmi iki həftə ərzində elm üçün indiyədək məlum olmayan 31 yeni canlı növü aşkar ediblər.
“Tehsil 365” xarci mediaya istinadla xəbər verir ki, kəşf Cənubi Atlantik okeanında, Braziliya sahilləri yaxınlığında yerləşən və Yer kürəsinin ən az öyrənilmiş ekosistemlərindən hesab olunan okeanın orta su qatında aparılan beynəlxalq ekspedisiya zamanı edilib.
Araşdırmada 24 beynəlxalq alim iştirak edib. Onlar okeanın səthlə dəniz dibi arasında yerləşən və milyonlarla canlıya ev sahibliyi edən orta su qatını tədqiq ediblər.
Ekspedisiya zamanı aşkarlanan yeni növlər arasında:
9 meduza,
7 daraqlı meduza (ctenophore),
7 sifonofor,
4 larvaseya,
2 nəhəng təkhüceyrəli orqanizm,
1 xərçəngkimilər nümayəndəsi (amfipod),
1 yeni dəniz qurdu növü yer alır.
Alimlərin sözlərinə görə, normal şəraitdə yeni növün müəyyən edilməsi və təsdiqlənməsi illərlə vaxt aparır. Lakin bu ekspedisiyada istifadə olunan yeni texnologiyalar sayəsində canlılar bir neçə gün ərzində analiz edilərək yeni növ kimi müəyyənləşdirilib. Tədqiqat zamanı "Squid" adlı xüsusi 3D lazer mikroskopu və digər müasir görüntüləmə sistemlərindən istifadə olunub.
Tədqiqatçılar bildirirlər ki, bu kəşf okeanların biomüxtəlifliyi haqqında biliklərin genişlənməsinə, həmçinin okeanların karbon dövranında oynadığı rolun daha yaxşı başa düşülməsinə kömək edəcək. Onların fikrincə, Yer kürəsinin ən böyük yaşayış mühiti hesab olunan okeanın orta su qatında hələ də minlərlə naməlum canlı növü mövcuddur.

