Azərbaycan Tibb Universitetində Məzun Günü təntənə ilə qeyd olunub.Azərbaycan Tibb Universitetində (ATU) 2026-cı il məzunlarının "Məzun Günü" münasibətilə təntənəli mərasim keçirilib.
“Tehsil 365” xəbər verir ki, tədbirdə səhiyyə naziri Teymur Musayev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Milli Məclisin deputatları, alimlər, səhiyyə işçiləri, universitetin professor-müəllim heyəti, tələbə və valideynlər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev məzunları təbrik edərək bu gün onların yeni mərhələnin başlanğıcına qədəm qoyduqlarını, həkimliyin yalnız peşə deyil, yüksək məsuliyyət, vicdan və mərhəmət tələb edən müqəddəs missiya olduğunu vurğulayıb.
O, Azərbaycan Tibb Universitetinin ölkənin səhiyyə sistemi üçün uzun illərdir yüksək ixtisaslı kadrlar hazırladığını, universitetdə həyata keçirilən yeniliklərin, o cümlədən Data Analitika və Süni İntellekt laboratoriyasının yaradılmasının müasir tibb təhsilinin inkişafına xidmət etdiyini qeyd edib.
Azərbaycan səhiyyəsinin yüksəlişi, inkişafı ilə bağlı vacib məqamları da xatırladan nazir bu sahədə əldə edilmiş nailiyyətlərin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə sisteminin yeni və uğurlu inkişaf mərhələsinə qədəm qoyduğunu, ölkə rəhbərliyi tərəfindən səhiyyə və tibb təhsilinə daim böyük diqqət və qayğı ilə yanaşıldğını diqqətə çatdırıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsində müstəsna xidmətləri və bu sahəyə verdiyi mühüm töhfələrdən də bəhs edən nazir məzunlara daim öz üzərlərində çalışmağı, müasir texnologiyaları mənimsəməyi və peşə etikasına sadiq qalmağı tövsiyə edib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov da tədbirdə çıxış edərək Azərbaycan Tibb Universitetinin ölkənin tibb təhsilinin inkişafındakı mühüm rolunu vurğulayıb. "Xalqın sağlamlığı dövlətin ən böyük sərvətlərindən biridir" - deyən ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin, elmin və səhiyyənin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyini xatırladan T.Budaqov bildirib ki, bu gün möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan səhiyyəsi keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Ölkə başçısının 2010-cu ildə Azərbaycan Tibb Universitetinin 80 illik, 2020-ci ildə 90 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlarını xatırladan T.Budaqov qeyd edib ki, bu addımlar mötəbər təhsil ocağına göstərilən yüksək diqqətlə yanaşı, onun perspektiv inkişafına da möhkəm zəmin yaradır: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən humanitar və sosial layihələr isə insanların, xüsusilə həssas təbəqədən olan soydaşlarımızın sağlamlığının qorunmasına böyük töhfədir".
O bildirib ki, müasir dövrdə səhiyyə sahəsində rəqəmsal texnologiyalar, süni intellekt və innovativ yanaşmalar xüsusi əhəmiyyət daşıyır. Gənc həkimlərin daim biliklərini artırmasının və "Hippokrat andı"na sadiq qalmasının vacibliyini qeyd edib.
Bütün tədbir işçilərini salamlayaraq məzunları və onların valideynlərini təbrik edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli də çıxışında universitetin zəngin tarixi və son illərdə qazandığı uğurlardan danışıb: "Azərbaycan Tibb Universitetinin bu il 96 yaşı tamam olur. Çox böyük və zəngin tarixə malik bu qocaman tədris ocağına ölkə rəhbərliyinin həmişə xüsusi qayğısı və diqqəti olub. Həkimlik peşəsini həmişə yüksək qiymətləndirən Ulu Öndər doğma universitetimizdə iki dəfə olmuş, proqram xarakterli tarixi çıxışlar etmişdi. Ulu Öndərin layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva da universitet klinikalarının təməlqoyma və açılış mərasimlərində iştirak edib və professor-müəllim heyəti ilə görüşüblər. Biz bu gün də cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğı və diqqətini yaxından hiss edirik".
Universitet kollektivinə göstərilən etimadı əməli fəaliyyətləri ilə doğrultmağa çalışdıqlarını vurğulayan rektor bildirib ki, 96 illik tarixə malik ali təhsil ocağı bu il 1271 məzunu müstəqil həyata yola salır. Onlardan 912-si Azərbaycan vətəndaşı, qalanları isə 11 ölkəni təmsil edən xarici tələbələrdir.
Çıxışının sonunda məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayan rektor onları universitetin adını daim uca tutmağa çağırıb.
Sonra Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov 2026-cı il məzunlarına həkim adının verilməsi barədə rektorun əmrini oxuyub.
Mərasimdə təhsilini fərqlənmə diplomu ilə başa vuran bir qrup məzuna diplomlar təqdim edilib, təhsil aldığı müddətdə ictimai fəallıqları ilə seçilmiş tələbələr mükafatlandırılıb. ardınca məzunların təntənəli şəkildə andiçmə mərasimi keçirilib.
Məzunlara 6 il ərzində dərs demiş müəllimlərin zəhməti də yüksək qiymətləndirilib və onlar arasında keçirilmiş sorğunun nəticələrinə görə "Ən yaxşı müəllim" nominasiyasına layiq görülən əməkdaşların adları elan edilib.
Təntənəli mərasim rəsmi hissədən sonra bayram proqramı ilə davam edib.

