Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri professor Dilzarə Ağayeva, doktorant Xədicə Apbayeva, biologiya üzrə fəlsəfə doktoru Pərvin Ağayeva və Ukrayna Milli Elmlər Akademiyasının Botanika İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Tetiana Andrianovanın həmmüəllif olduqları “Cənubi Qafqazdan “Coleroa robertiani” və “Sporocadus rosigena” (Ascomycota) növlərinə dair ilk qeydlər” (First records of Coleroa robertiani and Sporocadus rosigena (Ascomycota) from the South Caucasus) adlı elmi məqalə “Scopus” bazasında indekslənən Q4 kvartilli “Czech Mycology” jurnalında dərc edilib.
Bu barədə “Tehsil365”ə Botanika İnstitutundan məlumat verilib.
Məqalədə qeyd edilir ki, bitkilərlə assosiasiyada olan “Coleroa” və “Sporocadus” cinslərinin nümayəndələri Azərbaycanda zəif öyrənilib və onlara əvvəllər aid edilmiş növlər hazırda fərqli cinslərə keçirilib. Yuxarıda qeyd edilən növlərə aid herbari nümunələri Daşkəsən rayonunun Əmirvar və Zivlən kəndlərindən toplanılıb.
Məqalədə nümunələrə əsasən ətraflı morfoloji təsvirlər, illüstrasiyalar təqdim edilir, dünyada yayılması, oxşar növlərdən onları fərqləndirən xüsusiyyətləri təhlil edilir.
Bu tapıntılar Cənubi Qafqazın qlobal biomüxtəlifliyin mühüm qaynar nöqtələrindən biri kimi rolunu bir daha vurğulayır və göbələk müxtəlifliyinin, eləcə də onların ekoloji xüsusiyyətlərinin qlobal miqyasda qiymətləndirilməsində regionun əhəmiyyətini təsdiq edir.

