Təsviri sənət istiqamətinin 14-cü qabiliyyət imtahanı komissiyasının rəsm fənni üzrə imtahan nəticələri ilə bağlı apellyasiya müraciətlərinin elektron qeydiyyatı iyulun 14-də saat 10:00-da başlayacaq.
Bu barədə “Tehsil365”ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər (subbakalavrlar) iyulun 15-i saat 17:00-dək apelyasiya.dim.gov.az saytında elektron ərizəni dolduraraq qeydiyyatdan keçə bilərlər. Göstərilən müddətdə qeydiyyatdan keçməyən şəxslər sonradan həmin komissiya üzrə apellyasiya müraciəti edə bilməyəcəklər.
Abituriyentlər müraciət etməzdən əvvəl imtahan nəticələri, tapşırığın çəkildiyi rəsm vərəqinin fotosurəti, qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar. Elektron ərizədə müraciətin məzmunu və qiymətləndirmə meyarının hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Müraciətin məzmunu qeyd edilməyən ərizələr qəbul olunmayacaq və araşdırılmayacaq.
İyulun 17-dən etibarən apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil ediləcək və müraciət etmiş abituriyentlərlə növbəlilik əsasında əlaqə saxlanılacaq. Prosesin qaydalara uyğun aparılmasına daxili nəzarətin təmin edilməsi məqsədilə telefon danışıqlarının səs yazısı qeydə alınacaq.
Bildirilib ki, 210, 211, 212, 1602 və 13-cü komissiyaların rəsm fənni, 15-ci komissiyanın rəngkarlıq fənni, həmçinin 1701-ci komissiyanın yapma fənni üzrə də apellyasiya prosesi eyni qaydada keçiriləcək. Həmin komissiyalar üzrə qabiliyyət imtahanları başa çatdıqdan sonra elektron qeydiyyatın başlanması barədə əlavə məlumat veriləcək.
Hər bir istiqamət üzrə apellyasiya müraciətləri yalnız əvvəlcədən elan olunmuş tarixlərdə qəbul edilir.

