Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Çin Xalq Respublikasına səfəri çərçivəsində Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Assosiasiyasının prezidenti professor Çi Siaoyən ilə görüşüb.
“Tehsil365” xəbər verir ki, əvvəlcə Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Assosiasiyası haqqında videoçarx nümayiş olunub.
Assosiasiyanın prezidenti Çi Siaoyən rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Assosiasiyası ilə AMEA arasında imzalanacaq anlaşma memorandumunun əhəmiyyətinin vurğulayan qurum rəhbəri qarşılıqlı elmi əlaqələrin inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Azərbaycanla Çinin elmi qurumları arasındakı əlaqələrin yüksək templə inkişaf etdirildiyini vurğulayan AMEA rəhbəri İsa Həbibbəyli imzalanacaq anlaşma memorandumunun elmi əlaqələrimizin genişləndirilməsinə şərait yaradacağını diqqətə çatdırıb.
Sonda AMEA ilə Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən akademik İsa Həbibbəyli, Çin tərəfindən isə professor Çi Siaoyən imzalayıblar.

