Yeni təmayül tədris modelinə keçən məktəblərdə tam ştatlı müəllim modelinin tətbiqi gələcək hədəflərdən biri kimi nəzərdə tutulur.
“Tehsil365” Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu yeni təmayül tədris modelinə keçən məktəblərdə gələcəkdə tam ştatlı müəllim modelinin tətbiqinin nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, yeni modelə əsasən müəllimlər saathesabı deyil, tam iş günü əsasında fəaliyyət göstərəcəklər. Müəllimlər səhər saat 09:00-dan 16:00-dək məktəbdə olacaq, həftə ərzində orta hesabla 25–27 akademik saat dərs keçəcəklər.
Vəfa Yaqublu qeyd edib ki, iş vaxtının qalan hissəsində müəllimlər geridə qalan şagirdlərlə əlavə məşğələlər aparacaq, sınaq imtahanlarının təşkili, fərdi məsləhətlərin verilməsi və digər akademik fəaliyyətlərlə məşğul olacaqlar.
Direktor müavininin sözlərinə görə, bu yanaşma şagirdlər üçün də əlavə üstünlüklər yaradacaq. Belə ki, şagirdlər dərsdən sonra da müəllimlərinə müraciət edərək çətinlik çəkdikləri mövzular üzrə məsləhət almaq imkanı əldə edəcəklər.
O əlavə edib ki, tam ştatlı müəllimlərin əməkhaqqısının da orta aylıq əməkhaqqından yüksək olması nəzərdə tutulur.

