Azərbaycan Beynəlxalq Robot Olimpiadası (AIRO 2026) çərçivəsində keçirilən "AIRO Hackathon 2026" uğurla başa çatıb. Hakatonun kibertəhlükəsizlik kateqoriyasının təşkili Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ biznes inkubator şöbəsinin komandası tərəfindən həyata keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirin əsas məqsədi tələbələrin kibertəhlükəsizlik sahəsinə marağını artırmaq, analitik və innovativ düşüncə bacarıqlarını inkişaf etdirmək, həmçinin rəqəmsal mühitdə mövcud problemlərə yaradıcı həllər hazırlamalarına şərait yaratmaq olub.
Hakaton zamanı iştirakçılar müxtəlif kibertəhlükəsizlik tapşırıqlarını yerinə yetirərək nəzəri biliklərini praktik bacarıqlarla nümayiş etdiriblər. Tədbir gənclərin informasiya təhlükəsizliyi və rəqəmsal texnologiyalar sahəsində inkişafına töhfə verən beynəlxalq platforma kimi yadda qalıb.

